Manşet

Qayıbovun Hindistan səfərinin şok detalları – Barmağınızı dişləyərsiniz

Onu Yardımlıda, Lerikdə, Xaçmazda, Oğuzda, Şirvanda, Goranboyda gözləyirdilər. O isə Avropadan vurub Asiyadan çıxır. Arada Afrikaya da gedir.

Sonuncu dəfə Asiyada – Hindistanda görüblər onu. Niyə gedibmiş ora? Bu suala cavab tapmaq çətin idi.

Amma səfərin Azərbaycan güləşçilərinin Paris Olimpiadasında fiaskoya uğramasından sonraya təsadüf etməsi ipucu verirdi. Hindistanda güləş son illər xeyli inkişaf edib.

Üstəlik, səfər zamanı Şahmat Olimpiadası da keçirilirdi.

Və bu Olimpiada Hindistanın zəfəri ilə yekunlaşdı. Həm kişi, həm də qadın yığmaları çempion oldu.

Deməli, adam bilirmiş hansı ölkəyə gedir. Böyük ehtimalla, Azərbaycan idmanının mənafeyi naminə olub  bu səfər. Sabah Azərbaycanın güləş və şahmat yığmalarında hindlilər olsa, barmağınızı dişləyərsiniz.

Amma Fərid Qayıbovu görsəniz, ona deyin ki, Hindistan çox uzaqdır, özünü yormasın. Asiyada Özbəkistan və Qazaxıstan da var. Özbəkistanın kişilərdən, Qazaxıstanın qadınlardan ibarət yığmaları Şahmat Olimpiadasında bürünc medal qazanıb. Bu ölkələrin Parisdə necə çıxış etdiklərini də görmüşük. Qayıbov Azərbaycanda öldürdüyü idman növlərindəki boşluğu bu ölkələrin idmançıları ilə də doldura bilər. Türkdilli dövlətlərdir, onlara görə leriklilər, xaçmazlılar, şirvanlılar, goranboylular inciməzlər. Amma hindlilərə görə…

Natiq Muxtarlı