İspaniya

Ançelotti idarəçilərə çağırış etdi: Dayanın, düşünün

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti futbol idarəçilərinə müraciət edib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis futbolçuların zədələrinin sayının artması səbəbindən futbol rəsmilərini matçların sayını azaltmağı düşünməyə çağırıb.

Bu gün məlum olub ki, “Real Madrid”in hücumameyilli yarımmüdafiəçisi Brahim Dias zədə səbəbindən 3 ay sıradan çıxıb.

“Cədvəl çox sıxdır. Bizim Çempionlar Liqasında yeni formatımız var və heç kim hər şeyin necə olacağını bilmir. Amma görünən odur ki, daha iki artıq matçımız var.

Rəhbər orqanlar çox oynadıqları üçün zədə alan oyunçular haqqında düşünməsələr, problemimiz olacaq. Onlardan yarışı daha cəlbedici etmək üçün dayanmalarını, matçların sayını azaltmaq barədə düşünmələrini xahiş edirəm”, – Ançelotti mətbuat konfransında deyib.

Çərşənbə axşamı “Real” Çempionlar Liqasının yenilənmiş formatında ilk oyununu keçirəcək – Madrid klubu “Ştutqart”ı qəbul edəcək.

Aut.az