Dünya futbolu

Millinin futbolçuları azarkeşlərə görə şoka düşüblər

Çexiya millisinin liderləri, yarımmüdafiəçi Tomaş Souçek və cinah oyunçusu Vatslav Çernı komandalarının azarkeşlərindən və Millətlər Liqasında Ukrayna ilə oyunun təşkilindən məyus olduqlarını bildiriblər.

Aut.az xəbər verir ki, Praqadakı stadionda çexiyalılardan çox ukraynalı azarkeşlər olub və futbolçularda elə təəssürat yaranıb ki, onlar səfərdə oynayırlar.

“Qələbəyə sevinirik, amma başqa cəhət də var. Biz başa düşdük ki, stadionda ukraynalılar ola bilər, amma baş verənlər bizim üçün xoşagəlməz oldu. Təəssüf ki, səfər matçı kimi idi. Məncə, Çexiya futbolu yüksəlişdədir və belə şeyləri görmək çox məyusedicidir. Nəticə üçün azarkeşlərimizə ehtiyacımız var.

Biz başa düşürük ki, Çexiyada çoxlu ukraynalı var, amma… Ukrayna millisinin oyunçuları matçdan sonra mənə dedilər ki, özlərini evdə oynayırmış kimi hiss ediblər”, – Souçek deyib.

Cernı da eyni fikirdədir:

“Son nəticələrin müsbət olmadığını başa düşürəm, amma mən yenidən futbol ölkəsinə çevrildiyimizi görmək istərdim. Praqadakı stadionda baş verənlərə yol vermək olmaz. Qəribə idi.

Siz belə bilet sata bilməzsiniz. Buna necə icazə verildi? O zaman boş stadionda oynamaq daha yaxşı olardı”.

Azarkeşlərin dəstəyinə baxmayaraq, Ukrayna 2:3 hesabı ilə məğlub olub.

Aut.az