Azərbaycan futboluManşet

“Sabah”da baş verən ağlasığmaz hadisələr: Renduliçə “torba”nı kimlər və niyə tikiblər?

Avrokuboklarda “Sabah”la bağlı yaşanan proses futbol ictimaiyyəti arasında geniş müzakirə olunur.

Amma bu müzakirələr zamanı yanlış yönə meyillənmə əlamətləri aşkar hiss olunur. Əksəriyyət günahın Krunoslav Renduliçdə olduğunu iddia edir, onun zəif məşqçi adlandırır.

Əsl həqiqət necədir? Doğrudanmı Renduliç zəif məşqçidir? Bu o Renduliçdir ki, ötən mövsüm “Sabah” bərbad durumda olanda komandanı qəbul etmişdi. Həmin vaxt indi onu tənqid edənlər, o cümlədən klub rəhbərliyi də avrokuboklara vəsiqə əldə ediləcəyinə qətiyyən inanmırdı.

Amma deyəsən, inana elə Renduliç özü idi.

Nəticədə “Sabah” onun rəhbərliyi altında avrokuboklara vəsiqə əldə etdi. Heç kimin gözləmədiyi halda. Renduliç zəif məşqçidir?

Əlbəttə yox. Bəs nə baş verdi ki, “Sabah” avrokuboklarda belə biabırçı durumla üzləşdi?

Aut.az bununla bağlı olduqca maraqlı faktlar əldə edib.

Komanda ötən mövsümün sonunda avrokuboklara vəsiqə əldə etdikdən sonra klub prezidenti Maqsud Adıgözəlov və agentləri Renduliçə bir neçə futbolçu təqdim ediblər. Amma mütəxəssis onların keyfiyyətsiz futbolçular olduğunu iddia edərək, qəbul etməyib. Bir sözlə, onlar təqdim ediblər, məşqçi imtina edib. Beləcə, alverçi rəhbərlərin pul qazanmaq arzusu gözlərində qalıb.

Bundan sonra dəstə qərar verib: bu adam bizi çörəkdən edəcək, onunla yollar ayrılmalıdır. Amma necə? Komandanı avrokuboklara aparan məşqçini qovmaq olmaz.

“Sabah” rəhbərliyi “Makkabi” ilə oyunu gözləmək qərarına gəlib. Hamısı birmənalı şəkildə əmin olub ki, “Makkabi” səddi keçilməyəcək. Bundan sonra isə Renduliçlə yollar ayrılacaq.

Amma “Makkabi” ilə ilk qarşılaşmadakı parlaq oyun və sanballı qələbə Maqsud Adıgözəlovu və dəstəsini qorxudub. Onlar “Sabah”ın mərhələ keçməsini heç cür istəmədikləri üçün əməli işə keçiblər.

Agentlik etdikləri yerli futbolçular təlimatlandırılıb. Beləcə, Bakıdakı oyunda yerli futbolçuların dəhşətli səhvləri nəticəsində biabırçı məğlubiyyət yaşanıb, amma əcnəbi futbolçuların sayəsində penalti seriyasında “Sabah” mərhələ adlayıb.

Buna baxmayaraq, hədəfə qismən nail olunub. Renduliç tənqid obyekti olub. İrlandiya klubu ilə oyunda yerlilər tapşırığı sona çatdırıblar, “Sabah” hər iki qarşılaşmadakı zəif oyunla yarımpeşəkar komandaya məğlub olub.

Ondan sonra Renduliçin mətbuatda və ictimai sferda “vurulması” prosesi başlayıb. Onun zəif məşqçi olması haqda ictimai rəy formalaşdırılır.

Əldə etdiyimiz məlumata görə, yerli futbolçular prosesi sona çatdırmalıdırlar. “Sabah” “zəif” oyunla çempionatda məğlubiyyətləri sıralayacaq. Bir-iki məğlubiyyətdən sonra Renduliç göndəriləcək. Ondan sonra “Sabah”ın rəhbərləri onların hər sözünə “ləbbeyk” deyən məşqçi gətirəcəklər.

Məsələ ilə bağlı klub rəhbərliyinin də mövqeyini öyrəndik. “Sabah”dan bildirdilər ki, məlumat həqiqəti əks etdirmir və heç bir əsası yoxdur.

Aut.az