Mikayıl Cabbarov Azərbaycanda bu idman növünü məhv edir: Qarşısı alınmasa…
Azərbaycan idmanı üçün daha bir Yay Olimpiya Oyunları geridə qaldı. İdmançılarımız Parisdə keçirilən yarışları 7 medalla tamamladı. Azərbaycan medal sıralamasında 30-cu oldu. Olimpiada zamanı 84 ölkənin idmançılarının fəxri kürsüyə qalxdığını nəzərə alsaq, ekvatordan yuxarıda olmağımız heç də pis nəticə hesab edilməməlidir.
Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev Paris-2024-də medal qazanan idmançıları və onların məşqçilərini qəbul edərkən Azərbaycan komandasının nəticəsi barədə yüksək fikirlər səsləndirdi. O, növbəti – 4 il sonra Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına indidən hazırlaşmağın lazım olduğunu bildirdi.
Ölkə başçısı daim idmançıları dəstəkləyir. Gənclərin idmana cəlb edilməsinin bir nömrəli təbliğatçısıdır. İlham Əliyev daim idmana və bu sahədə fəaliyyət göstərən şəxslərə dəstəyini açıq şəkildə nümayiş etdirir. Bu da gəncləri və idmançıları ruhlandıran əsas məqamlardan biridir.

Paris-2024-ə qayıtsaq, Azərbaycan Olimpiya komandası ölkə başçısını daha yaxşı nəticələrlə sevindirə bilərdi. Cüdoçuların uğurlu startından sonra ölkəmizin Olimpiadalardakı qızıl rekordunun yeniləcəyinə böyük ümidlər yaranmışdı. Xüsusilə güləş komandasına böyük ümidlər bəslənirdi. Hər kəs ən azı 1 “qızıl” olacağına inanırdı.
Çünki bu idman növü bizim üçün millidir. Azərbaycan qədim güləş ənənələrinə malikdir. Ona görə də güləş yarışlarında təmsilçilərimizdən ancaq uğur gözlənilir.
Son Olimpiya Oyunlarına qədər güləşçilərimiz Azərbaycan komandasının ağır artilleriyası hesab edilirdi. Təsadüfi deyil ki, ölkəmizin Olimpiadalar tarixində qazandığı ümumi medal sayının yarısı güləşin payına düşür. Ancaq indi vəziyyət dəyişib.

Paris-2024-də güləşçilərimizin çıxışını fiasko adlandırmaq olar. Əvvəldə qeyd etdiyimiz kimi, güləşçilərimizdən ən azı 1 qızıl medal gözlənilsə də, onlar ümidləri doğrultmadılar. Olimpiya komandasının heyətində yer alan 12 güləşçidən yalnız 3-ü fəxri kürsüyə qalxa bildi. Onların nəticələri isə sadəcə bürünc medal oldu. Maraqlıdır ki, medal qazananlardan yalnız Həsrət Cəfərov yerli idmançıdır. Digərləri isə milliləşdirilmiş legionerlərdir. Komanda hesabına gəlincə güləş üzrə millimiz medalların əyarına görə 26 komanda arasında sadəcə 17-ci olmağı bacardı. Yığmamız Bolqarıstan, Gürcüstan, Ukrayna və Qırğızıstandan böyük fərqlə geri qaldı. Halbuki güləşdəki əsas rəqiblərimizindən olan Rusiya komandasının məlum səbəblərdən Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşəndən sonra təmsilçilərimizin daha uğurlu çıxış edəcəyi gözlənilirdi. Ancaq güləşçilərimiz onlara bəslənən ümidləri doğrultmadılar. Hacı Əliyev, Rafiq Hüseynov, Turan Bayramov, Sənan Süleymanov kimi idmançılarımız Paris-2024-dən əliboş qayıtdılar.

Əslində uğursuzluğu proqnozlaşdırmaq olardı. Çünki son illərdə güləşdə eniş açıq-aşkar sezilməyə başlamışdı. Xüsusilə Azərbaycan Güləş Federasiyasında baş verən dəyişikliklər buna təsir etmişdi. Mikayıl Cabbarovun quruma rəhbər gəlməsi ilə güləşin vəziyyəti dəyişməyə başladı. Ancaq bu müsbətə deyil, əks istiqamətdə baş verdi. Federasiyada və milli komandalarda edilən kadr dəyişiklikləri, Cabbarovun idman siyasətinə uyğun olaraq əcnəbilərə göstərilən rəğbət nəticəsini yarışlarda tapdı. Bir zaman güləş ölkəsi hesab edilən Azərbaycan Olimpiadada uğursuzluğa düçar oldu.
Bu məsələdə güləşçilər, baş məşqçilər və funksionerlər qədər Mikayıl Cabbarovun da günahı böyükdür. Bir neçə quruma rəhbərlik edən Cabbarovun işləri uğursuz kadrlara tapşırması belə vəziyyətin yaranmasına səbəb oldu. Böyük ənənələri və kütləviliyi olan güləş indi qürub çağını yaşayır. Bir vaxtlar Namiq Abdullayev, Fərid Mansurov kimi əfsanələr yetişdirən Azərbaycan güləşi indi Olimpiya çempionu olacaq idmançını ölkə xaricində – Gürcüstanda, Rusiyada axtarır.
Güləş Federasiyasının baza adlandırdığı və az qala ölkədə bu idman növü ilə məşğul olan hər kəsin məşq etdiyi bazanın vəziyyəti acınacaqlıdır. “Excelsior” otelinin həyətində yerləşən və mağaranı xatırladan “məşq zalı”ndakı şərait barədə danışmağa dəyməz. Qışda soyuqda, yayda istidə güləşən idmançılara yaradılan şərait heç də yaxşı deyil. Belə şəraitdə güləşçi yetişdirmək və inkişaf etdirmək əlbəttə ki asan deyil. Ölkənin hər bölgəsində – rayonunda, kəndində, qəsəbəsində güləşməyi bacaran ən azı bir nəfər olduğu halda legioner gətirmək və onlara külli miqdarda vəsait xərcləmək böyük səhvdir.

Bütün bunlar Mikayıl Cabbarovun idarəetmə siyasətinin nəticəsidir. Problem tək güləşlə kifayətlənmir. O, kurasiyasında olduğu AFFA, “Sabah”, Azərbaycan Qılıncoynatma Federasiyası və digər qurumlarda da yarıtmaz kadr siyasəti uğursuzluğu şərtləndirən əsas səbəbdir.
Digər idman növlərini bir tərəfə qoyaq, Mikayıl Cabbarov Azərbaycanın köklü idman növlərindən birini məhv edir. Göz görə-görə. Qarşısı alınacaqmı?
Aut.az
