Azərbaycan çempionatının 29-cu turunda müxtəlif hadisələr yaşandı. Əsas məqam isə baş məşqçilərlə bağlı idi. “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Şamaxı” ilə heç-heçədən sonra bir qrup azarkeş tərəfindən istefaya çağırıldı. Abbasovun “Zirə”dəki həmkarı Rəşad Sadıqov isə “Qəbələ” ilə oyundan sonra mətbuat konfransında qəmli tonlarla postundan getmək barədə danışırdı.
“Sabah”ın baş məşqçisi Murad Musayev də diqqət mərkəzində idi. Ötən tur avrokuboklara vəsiqəni təmin edən komandanın çalışdırıcısı yenə davranışı ilə gündəmə gəldi. O, “Səbail”lə oyunda 2 dəfə baş hakim İnqilab Məmmədovun qəzəbinə tuş gəldi. İlkin olaraq oyunun gedişində sarı vərəqə ilə cəzalandırılan rusiyalı mütəxəssis, növbəti dəfə final fitindən sonra cəzalandırıldı.
Final fitindən sonra Məmmədovun üzərinə şığıyan, emosional davranan məşqçinin ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması gözlənilən idi. Ümumiyyətlə, Musayevin davranışları müzakirələrə açıqdır. O, oyun başlamamış etiraz edir, səs-küy salmağa başlayır, komandalar stadionu tərk edənə qədər dayanmır. Hər xırda epizoda, hər kiçik detala qəzəbli reaksiya göstərir. Hətta hakimlərlə açıq mübahisəyə girməkdən belə çəkinmir. Rəqiblərə qarşı da davranışı birmənalı deyil.
Avrokuboklara vəsiqə qazanan “Sabah” çempionatın ən intizamsız komandalarından biridir. “Bayquşlar”ın futbolçuları ümumilikdə 66 sarı və 6 qırmızı vərəqə ilə cəzalandırılıb. Necə deyərlər, məşqçisinə bənzəyən komanda. “Bayquşlar”ın düşərgəsindəki ən intizamsız şəxs elə Murad Musayevin özüdür. Mövsüm ərzində 8 dəfə sarı vərəqə alan rusiyalı məşqçi 3 dəfə də qırmızı vərəqə ilə cəzalandırılıb. Premyer Liqada ən çox meydandan qovulan futbolçular belə bu göstəriciyə çata bilməyiblər. Mövsüm ərzində 4 futbolçu 2 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Onlardan biri “Sabah”ın müdafiəçisi Con İrasabaldır.
Göründüyü kimi, Musayev meydanda mübarizə aparan futbolçulardan daha çox cəzalanıb. Adətən baş məşqçi komandasına örnək olmalıdır. Amma “Sabah”da bu sarıdan vəziyyət tam fərqlidir. Ümumiyyətlə, rusiyalı mütəxəssisin davranışları müzakirə edilməlidir. Daim etiraz edir, həmişə narazı görünür. Maraqlıdır, bəlkə özünü üst səviyyə hesab edir? Bəlkə burada hər şeyin çox asan olacağını gözləyirdi? Bəlkə Azərbaycana gələndə hesab edirdi ki, hər kəs ona boyun əyməli, hakimlər onun istəyinə uyğun oyun idarə etməlidir?
Uğursuzluq, xal itkiləri olanda kimlərisə günahkar çıxarmağa çalışır. Özündə və komandasında səhv axtarmayan baş məşqçi günahı hakimlərdə görür. Bir sözlə, özünü “ağ adam” hesab edir.
Qarşıdan “Sabah”ı avrokubok oyunları gözləyir. Görək Murad Musayev Avropalı hakimlər qarşısında necə davranacaq. Onlar qarşısında atılıb-düşə, ürəyi istədiyi sözləri deyə biləcək?
Aut.az