Digər

7 aylıq hamilə olan idmançı Parisdə qılınc oynatdı

Paris Yay Olimpiya Oyunlarında çıxış edən misirli qılıncoynadan Nada Hafez ilə bağlı maraqlı məqam ortaya çıxıb.

Aut.az xəbər verir ki, qadın idmançının 7 aylıq hamilə olmasına baxmayaraq idmanın zirvə yarışına qatıldığı müəyyənləşib.

Hafez 1/8 final mərhələsində Cənubi Koreyalı Çunq Hayonqa uduzaraq mübarizəni dayandırıb.

“Platformada iki rəqib var idi – rəqibim və bətnimdəki körpəm. Həm fiziki, həm də emosional baxımından çətin idi. Amma buna dəyərdi. Həyat yoldaşımın və ailəmin etimadı sayəsində Olimpiadanın 1/8 finalına yüksəldik”, – deyə 26 yaşlı Hafez sosial şəbəkə hesabında yazıb.

Misirli idmançı daha əvvəl Rio-de-Janeyro və Tokioda keçirilən Olimpiya Oyunlarında iştirak edib. Həmin yarışlarda müvafiq olaraq 36 və 29-cu nəticə göstərib.

Qeyd edək ki, peşəkar idmanda belə hallara əvvəllər də rast gəlinib. Xüsusilə tennisçi Serena Uilyams 2017-ci ildə hamilə ikən Avstraliya Açıq çempionatının qalibi olub.