Cüdo

Paris-2024: Dopinq testdə ilişdi

İranlı cüdoçu Saccad Qanim Sehenin Parisdə Yay Olimpiya Oyunları başlamazdan əvvəl verdiyi dopinq testi müsbət çıxıb.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Test Agentliyi (ITA) məlumat yayıb.

İdmançının nümunəsində qadağan olunmuş metandienon və boldenon maddələri aşkar edilib. Hər iki dərman anabolik steroidlər kimi qeyd olunur.

Nümunə iyulun 23-də Fransanın paytaxtı Parisdə müsabiqədənkənar antidopinq nəzarəti zamanı təqdim edilib. Nəticə iyulun 25-də WADA tərəfindən akkreditə olunmuş Paris laboratoriyası tərəfindən müəyyən edilib.

Məsələ ilə bağlı idmançı məlumatlandırılıb. Ümumdünya Antidopinq Məcəlləsinə və BOK-un Antidopinq Qaydalarına uyğun olaraq məsələ həll olunana qədər idmandan müvəqqəti olaraq kənarlaşdırılıb. Bu o deməkdir ki, idmançıya Paris 2024 Olimpiya Oyunları zamanı yarışmaq, məşq etmək və ya hər hansı fəaliyyətdə iştirak etmək qadağandır.

İdmançı İdman Arbitraj Məhkəməsi – Antidopinq Şöbəsi (CAS ADD) qarşısında müvəqqəti cəzanın tətbiqinə etiraz etmək hüququna malikdir. O, həmçinin B nümunəsinin təhlil edilməsini tələb edə bilər.

Aut.az