Fransızları təhqir edən məşhur futbolçu üzr istədi
“Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes sosial şəbəkədə Copa America finalından sonra yayımladığı mübahisəli videoya görə üzr istəyib.
Yada salaq ki, argentinalılar yayım zamanı Fransa millisinin futbolçuları haqqında irqçi fikirlər səsləndirmişdilər: “Onlar Fransada oynayırlar, amma hamısı anqolalıdır. Onların anası Nigeriyadan, atası isə Kamerundandır, lakin pasportlarına görə onlar fransızdırlar”. Mahnıda Kilian Mbappenin transgender modellə münasibətinə də istinadlar var idi.
Aut.az xəbər verir ki, Entso sosial şəbəkədə paylaşım edərək bu hərəkətinə görə üzr istəyib.
“Milli komandanın qələbəsini bayram edərkən yayımlanan videoya görə səmimi qəlbdən üzr istəyirəm.
Mahnıda son dərəcə təhqiredici dil var və bu sözlərə heç bir əsas yoxdur. Mən bütün formalarda ayrı-seçkiliyin əleyhinəyəm və Amerika Kubokunu qeyd etmənin eyforiyasına qapıldığım üçün üzr istəyirəm. Bu videodakı sözlər mənim düşüncə tərzimi, xarakterimi əks etdirmir. Çox üzr istəyirəm”, – Entso yazıb.
Daha əvvəl məlum olmuşdu ki, “Çelsi”nin fransalı futbolçuları Aksel Disasi, Malo Qusto və Uesli Fofana artıq sosial şəbəkələrdə Fernandesi izləməyi dayandırıblar və klub insidentlə bağlı daxili araşdırmaya başlayıb.
Aut.az
