İngiltərə

İşarə verdi: Çempion olmasalar, istefaya gedəcək

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt Almaniyada keçiriləcək Avropa çempionatının onun milli komandanı böyük turnirdə qələbəyə aparması üçün son şans ola biləcəyini deyib.

Aut.az xəbər verir ki, Sautqeyt bu barədə “Bild”ə müsahibəsində deyib.

“Qələbə qazanmasaq, yəqin ki, daha burada olmayacağam. Ona görə də bu, mənim son şansım ola bilər. Düşünürəm ki, milli komandaların məşqçilərinin təxminən yarısı turnirlərdən sonra gedir – beynəlxalq futbolun mahiyyəti budur.

Mən səkkiz ilə yaxındır ki, buradayam və “Zəhmət olmasa, bir az daha” deməyə davam edə bilməzsiniz. Bəzi məqamlarda insanlar sadəcə olaraq sözlərinizə inamı itirirlər.

Əgər biz böyük komanda olmaq istəyiriksə, mən top-məşqçi olmaq istəyirəmsə, o zaman vacib anlarda nəticə göstərməliyik”, – Sautqeyt deyib.

İngiltərə AVRO-2024-ün qrup mərhələsində Serbiya (16 iyun), Danimarka (20 iyun) və Sloveniya (25 iyun) ilə qarşılaşacaq. 53 yaşlı Sautqeyt 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edir, müqaviləsi 31 dekabr 2024-cü ilə qədərdir. Onun rəhbərliyi altında ingilislər DÇ-2018-in yarımfinalına və Avro-2020-nin finalına yüksəlib, DÇ-2022-də isə 1/4 finalda mübarizəni dayandırıb.

Aut.az