Agenti təsdiqlədi: PSJ gürcüyə təklif göndərib
“Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın agenti olan Mamuka Cuqeli PSJ-nin müştərisi üçün təklif göndərdiyini bildirib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedullanın saytı məlumat yayıb.
“Səudiyyə klublarının marağı ilə bağlı məlumatı doğru deyil, lakin PSJ-dən maraq və təklif var. Hər şey “Napoli” və De Laurentisdən asılıdır.
Xviça indi bütün diqqətini Avropa çempionatına yönəldib və Gürcüstan millisinin böyük turnirdə ilk tarixi oyununda yaxşı çıxış etmək istəyir. O, başqa heç nə ilə diqqətini yayındırmaq istəmir”, – Cuqeli bildirib.
Xatırladaq ki, daha əvvəl mətbuatda fransız nəhənginin Kvaratsxeliya üçün 60 milyon avro ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı.
Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 45 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.
Aut.az
