Fransada Olimpiada öncəsi etirazlar davam edir: Bu dəfə onlar tətil elan etdilər
Fransada dəmiryolçular rəhbərlikdən mükafatların ödənilməsini tələb edərək Olimpiya Oyunlarına etiraz ediblər.
Aut.az xəbər verir ki, “Sud-Rail” həmkarlar ittifaqının çağırışı ilə xeyli sayda sektor işçisi paytaxt Parisdə – Eyfel qülləsinin qarşındakı Trokadero meydanına toplaşıb.
Onlar “Dəmiryolçular olmadan Olimpiya Oyunları olmaz” sözləri yazılmış pankart açıblar. İştirakçılar “sarı jiletlilər” mahnısını da ifa ediblər: “Biz buradayıq, Makron istəməsə də, buradayıq!”
“Olimpiya mükafatının ödənilməsini tələb edirik. Avqust ayında hamı məzuniyyətə getdiyi zaman çox işləyəcəyik. Bunun üçün biz təzminat tələb edirik”, – deyə etirazçılardan biri bildirib.
İşçilərin tətilinə görə RER qatar xətlərində və şəhərətrafı qatarlarda nəqliyyatın hərəkəti dayandırılıb.
İşçilər Olimpiya Oyunları ərəfəsində hakimiyyətə təzyiq etmək niyyətindədirlər. Həmkarlar ittifaqları işçilərin avqust ayında tətil edə bilməyəcəyindən və əlavə 4500 qatarın istifadəyə verilməsi ilə onların iş yükünün artacağından şikayətlənir.
Olimpiada ərəfəsində Fransada bir sıra sektorlarda etiraz aksiyaları və tətillər keçirilir. Daha əvvəl Parisdə təmizlik işçiləri Olimpiya Oyunları zamanı tətil edəcəkləri ilə hədələsələr də, meriya onların ödənişlərini artıracağını vəd edib. Eyni səbəbdən etiraz edən polis əməkdaşları aylıq əlavə 1900 avro mükafatın ödənilməsinə nail olublar.
