“Real” ÇL-in finalına görə “Çelsi”yə pul ödəyəcək: Bunun Azara nə dəxli var?
“Real Madrid”in Çempionlar Liqasının finalına yüksəlməsi “Çelsi”yə maliyyə bonusu gətirəcək.
Aut.az xəbər verir ki, ödənişin səbəbkarı artıq karyerasını başa vurmuş belçikalı yarımmüdafiəçi Eden Azardır. Ötən mövsümün sonunda Azarın “Real Madrid”lə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq, belçikalının “Çelsi”dən transferi üçün əlavə şərtlər qüvvədə qalır.
Beləliklə, “Real Madrid” bu mövsüm Çempionlar Liqasının finalına çıxdığı üçün “Çelsi”yə təxminən 5 milyon funt-sterlinq bonus ödəyəcək.
Xatırladaq ki, Eden Azar 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçib. Onun transferinin məbləği bonuslar nəzərə alınmadan 115 milyon avro olub. 2023-cü ilin oktyabrında belçikalı karyerasını başa vurduğunu elan etdi.
Aut.az
