Azərbaycan futboluManşet

Millinin baş məşqçisi kim olacaq? – İK-in iclasında iki nəfərin namizədliyi müzakirə olunub

Canni de Byazinin gedişindən sonra futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postu rəsmi olaraq boş qalıb. İtalyan məşqçinin gedişindən sonra AFFA-da baş verən dəyişikliklər onun xələfinin müəyyənləşməsini yubadıb.

Hələlik baş məşqçinin səlahiyyətləri uzun müddətdir yığmanda çalışan Arif Əsədova tapşırılıb. Təsadüfi deyil ki, millini martdakı oyunlarda meydana o çıxarmışdı.

Bu məsələ AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasının gündəliyinə salınmasa da, toplantıda ciddi şəkildə müzakirə edilib. Hətta komitə üzvləri arasında ciddi fikir ayrılığı da yaşanıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, İK üzvlərinə Vladimir Vayts və Stefan Kuntsun namizədliyi irəli sürülüb. Onlardan birinci AFFA prezidenti Rövşən Nəcəfovun, digəri isə vitse-prezident Elşad Nəsirovun təklifi olub. İclasda Nəsirovun namizədi haqqında mənfi fikirlər səsləndirilib. Onun Türkiyə millisindəki uğursuz fəaliyyəti, Azərbaycan futboluna yad olan mədəniyyətə və fərqli mentalitetə sahib olduğu bildirilib. Kuntsun uyğunlaşmaq üçün bir neçə il vaxta ehtiyacı olduğu bildirilib. Bu məsələ birdəfəlik qapanıb.

Vaytsın namizədliyi barədə komitə üzvlərinin heç də hamısı müsbət fikirdə olmayıb. Hazırda “Slovan”a rəhbərlik edən mütəxəssisin klubla əməkdaşlığının davam etməsi onun təyinatına mane olur. AFFA Gürcüstan millisinin sabiq baş məşqçisinə görə təzminat ödəmək fikrində deyil.

İcraiyyə Komitəsinin üzvləri öz versiyalarını və namizədlərini də səsləndiriblər. Maraqlıdır ki, indiki dönəmdə milliyə yerli məşqçinin rəhbərlik etməsini istəyənlər olub. Hətta bir neçə mütəxəssisin adı müzakirə edilib. Onlar arasında Arif Əsədov da olub. Müzakirələr uzandığından, bu məsələnin mövsümün son toplantısında müzakirə edilməsi qərara alınıb.

Bu o deməkdir ki, böyük ehtimalla, millini yayda Macarıstanda baş tutacaq təlim-məşq toplanışı və yoldaşlıq oyunlarına Arif Əsədov aparacaq.

Aut.az