Lionel Messinin “Barsa” ilə ilk müqaviləsi sayılan salfet hərraca çıxarılıb.
Aut.az xəbər verir ki, söhbət Messinin “Barselona” ilə 2000-ci il dekabrın 14-də imzaladığı ilk müqavilədən gedir.
O zaman 13 yaşı olan argentinalı 2000-ci ilin sentyabrında iki həftəlik sınaq zamanı “Barselona”nı heyran edibi, lakin klub əvvəlcə Avropa əsilli olmayan gənclə müqavilə imzalamaqda tərəddüd edib.
Lakin 2000-ci ilin dekabrında oyunçunun agenti Orasio Qacioli “Barselona”nın o vaxtkı direktoru Karles Reşaka deyib ki, Messi ilə müqavilə bağlaya bilməsələr, yeniyetmə digər klublara, o cümlədən “Real”a təklif olunacaq.
Futbolçunu buraxmaq istəməyən Reşak son qərarını vermək üçün agenti Barselonada şam yeməyinə dəvət edib. Razılıq əldə olunub, lakin direktorun tam müqaviləni tərtib və çap etməyə vaxtı olmayıb. Daha sonra o, salfet götürməyi və onun üzərində müqavilə şərtlərini yazmağı təklif edib.
Salfet dünyanın ən qədim və ən böyük hərrac evlərindən biri olan Londonda “Bonhams”da hərraca çıxarılıb. Hərrac mayın 17-dək davam edəcək. Lotun başlanğıc qiyməti 220 min funtdur.
“Bu, mənim indiyə qədər məşğul olduğum ən maraqlı mövzulardan biridir. Bəli, bu bir kağız salfetdir, lakin Lionel Messinin karyerasını başladan məşhur salfetdir. O, Messinin həyatını, “Barselona”nın gələcəyini dəyişdirdi və futbolun ən gözəl anlarını bütün dünyada milyardlarla azarkeşə çatdırmaqda mühüm rol oynadı”, – deyə hərrac evinin kitablar və əlyazmalar üzrə rəhbəri Yan Elinq bildirib.
Aut.az