Dünya çempionatının ikiqat bürünc mükafatçısı, gürcü boksçu Laşa Quruli Belqradda keçirilən Avropa çempionatının finalında rusiyalı Tarxan İdiqova qarşı rinqə çıxmaması üçün ona külli miqdarda pul təklif olunduğunu bildirib.
Aut.az xəbər verir ki, o, bu barədə “Insidethegames”ə açıqlama verib.
Aprelin 28-də 67 kq çəki dərəcəsində finalda Quruli ikinci raunddan sonra mübarizəni davam etdirməkdən imtina edib. Mükafatlandırma mərasimində medalını götürüb. Ancaq İdiqovun əlini sıxmayıb.
Quruli qərarının ədalətsiz hakimliyə görə olduğunu və təşkilatçılara etiraz olduğunu bildirib. Paris Olimpiadasından sonra bütün hekayəni danışmağı planlaşdırdığını deyib.
“Bir şeyi deyim: döyüş ərəfəsində bizə külli miqdarda pul təklif etdilər. Məni rinqdə istəmirdilər. Rədd cavab aldıqdan sonra hər vasitə ilə bunun arxasınca gedəcəklərini bildirdilər”, – deyə Laşa söyləyib.
Rusiya boks yığmasının baş məşqçisi Viktor Farxutdinov Qurulinin sözlərini təxribat adlandırıb: “Mən onun niyyətinin nə olduğunu bilmirəm, başa düşmürəm. Biz belə şeylər etmirik, ləyaqətlə vuruşmuşuq. Komandamızda nizam-intizam var”.
Avropa Boks Konfederasiyasının (EUBC) baş katibi Kirill Şekutyev bildirib ki, Quruliyə ən ciddi sanksiyalar tətbiq olunacaq:
“Çox qəribədir ki, o, final matçından əvvəl deyil, turnirdən sonra belə açıqlamalar verir. Qeyd edim ki, Daşkənddə keçirilən dünya çempionatı zamanı o, özünü eyni şəkildə aparıb. Bu, onu bir daha idmançı kimi yox, blogger və şoumen kimi göstərir”.
Qeyd edək ki, Quruli 2021 və 2023 Dünya Çempionatlarında bürünc, 2022 Avropa Çempionatında isə gümüş medal qazanıb.