Azərbaycan Premyer Liqasının XXXII turunun “Sumqayıt” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyun, atmosfer, azarkeşlər möhtəşəm idi. Fanatlara təşəkkür edirəm. Çağırış edirəm ki, bütün oyunlarda belə atmosfer yaratsınlar. Futbolçular da bu gün möhtəşəm oynadı. “Qarabağ”la matçda bu dönəmdə 3 xal qazanmaq vacib idi. Rəqibə də uğurlar arzu edirəm.
– Xəyal Fərzullayev bu gün debüt etdi. Onu meydana buraxmaq riskli deyildi?
– Bu gün ilk matçı oldu. Oyundan sonra da çox ağladı. Özünü doğrultdu. Debütü möhtəşəm qələbə ilə oldu.
– Oyundan sonra sizə yaxınlaşanlar kimlər idi?
– Ailəm idi, çağırdılar, getdim yanlarına.
– Maraqlıdır, “Qarabağ”la oyuna hazırlıq müddətində baş məşqçi Samir Abasov İspaniyada səfərdə idi. Abasov sizə komandanı kökləməkdə sizə dəstək oldu?
– Gündə neçə dəfə Samir müəllimlə danışırdıq, tapşırıqlarını verdilər. Düzdür, meydana mən çıxarmışam, amma əziyət onundur. Hər gün danışıb, məsləhət etmişik. İspaniyada olsa da, demək olar, bütün günü bizimlə idi.
– “Qarabağ” üzərində qələbə komandaya qarşıdakı oyunlarda əlavə motivasiya verəcək?
– Əlbəttə. Ancaq futbolçular da dərk edir ki, növbəti hər oyun finala bərabər olacaq. Bu gün də elə düşüncə ilə çıxmışdılar. Geriyə dönüş yoxdur.
– “Sumqayıt”ı Avropada düşünürsünüzmü? Futbolçuları buna inandıra bilirsinizmi?
– Bugünkü oyun demək olar, Avropanın ən yaxşı komandalarından birinə qarşı idi. Avropada oynamağa öyrəşmək istəyiriksə, “Qarabağ” ən yaxşı rəqibdir. Onları məğlub edə biliriksə, Avropada da yaxşı çıxış edə bilərik.