“Liverpul”lu millimizlə oyun haqda danışdı: Bu, qırılma anı oldu
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İngiltərəyə 1:5 hesabı ilə uduzub.
Bu görüş britaniyalıların gənc ulduzu Harvi Elliot üçün uğurlu alınıb. “Liverpul”un 20 yaşlı yarımmüdafiəçisi oyunda dubla imza atıb. O, qarşılaşmadan sonra eksklüziv olaraq Aut.az-a açıqlama verib. Harvi əvvəlcə matçla bağlı təəssüratlarını bölüşüb:
“Fikirləşirəm ki, bu oyunda işimiz çətin oldu. Çünki Azərbaycan yaxşı müdafiə olunmaqla işimizi çətinləşdirdi. Buna baxmayaraq ələ keçirdiyimiz qol epizodlarından yaxşı yararlandıq. Buna görə də yekunda 3 xal qazandıq”.
İngilis futbolçu millimizin müdafiə planında güclü olmasını da vurğulayıb:
“Oyunun ilk dəqiqələri çətin keçdi. Biz qol vura bilmirdik. Hücumlarımızı yaxşı bloklayırdılar və səhvsiz oynamağa çalışırdılar. Yaxşı oyun planları var idi, bundan kənara çıxmırdılar. Bu da işimizi çətinləşdirirdi. Amma birinci qolu vurandan sonra vəziyyət dəyişdi. Bu, oyunun qırılma anı oldu. Rəqib açıq oynamağa başladı. Biz də bundan sonra ələ düşən şanslardan yararlandıq”.
Elliot öz performansı barədə də danışıb:
“Məncə, pis çıxış etmədim, yaxşı alındı. Bəzi epizodlarda inamlı olmadım. Amma 2 qol vura bildim və komandama mümkün qədər fayda verdim. Bundan çox şadam. Bu şəkildə davam etməliyəm”.
Aut.az
