Türkiyəli mütəxəssis Rza Çalımbay futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin oluna bilər. 61 yaşlı məşqçi yığmamızın “sükanı arxasına” keçməyə hazır olduğunu qeyd edərək, Azərbaycan millisindən hələ ki, rəsmi heç bir təklif almadığını deyib. O, təklif gələrsə, Azərbaycan yığması ilə işləməyə müsbət rəy verəcəyini vurğulayıb. Xatırladaq ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdur. R.Çalımbay isə sonuncu dəfə 2023-cü ildə Türkiyənin “Beşiktaş” klubuna rəhbərlik edib.
Maraqlıdır, Türkiyəli mütəxəssis R.Çalımbayın millimizin baş məşqçisi təyin olunması Azərbaycan yığmasına nə qazandırar? Onun rəhbərliyi altında yığmamız daha böyük uğurlara imza ata bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Natiq Muxtarlı bildirib ki, Azərbaycan millisinin, ümumilikdə futbolumuzun problemi baş məşqçi deyil.
Onun sözlərinə görə, Azərbaycan millisinin uğur qazanması üçün ilk növbədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) idarəetmə sistemi dəyişməlidir: “Baş məşqçinin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki yığma komanda uğur qazana bilməyəcək. Ona görə ki, potensial budur. Hansısa məşqçinin rəhbərliyi altında bir xal az və ya çox qazanmaq olar, amma böyük turnirlərin final mərhələsinə vəsiqə əldə etmək mümkünsüzdür. Bunun üçün ilk növbədə AFFA-da idarəetmə sistemi dəyişməli, ölkədə infrastruktur qurulmalı, futbolçu yetişdirilməlidir. Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz”, “Araz Naxçıvan” ev oyunlarını Bakıda keçirir. Bu faktın özü onu göstərir ki, digər rayonlar bir tərəfə, böyük şəhərlərdə infrastruktur yoxdur. Əgər elita komandasının stadionu yoxdursa, orada uşaq futbolunun durumu necə olmalıdır?”
N.Muxtarlı söyləyib ki, elita klubları yerli futbolçu tapa bilmirlər: “Qarabağ”ın heyətindən legionerləri götürün, bu komandanın yerlilərlə o uğuru qazanmaq potensialı qalarmı? Qətiyyən. Ötən il elitada çıxış edən “Şamaxı”nın heyəti yerli futbolçulardan ibarət idi. Nəticə necə oldu? “Şamaxı” Premyer Liqanı tərk etdi. Budur, azərbaycanlı futbolçuların potensialı. Rza Çalımbay pul qazanmaq istəyir. Qulağına çatıb ki, Azərbaycanda futbola rəhbərlik edən diletant korrupsionerlər xalqın pulunu böyük səxavətlə əcnəbilərə verir. O da deyir ki, mən də azərbaycanlılara bir köynək yaxınam, bir az da mən alım o puldan. Vəssalam. Bundan artıq heç bir marağı yoxdur Rza Çalımbayın”.
İdman şərhçisi deyib ki, Azərbaycan yığması yalnız 15 ildən sonra uğur qazana bilər: “Azərbaycan yığması bilirsiniz nə vaxt uğur qazanacaq? İndi futbolçu yetişdirilməsi proses başlasa, 15 ildən sonra bəhrəsini görə bilərik. İndiki futbolçularla uğur olmayacaq. Mən onları qınamıram. Bu futbolçuları necə öyrədiblərsə, elə də oynayırlar. Azərbaycanda futbola elmi yanaşma yoxdur. Nəinki ali təhsil səviyyəsində, heç peşə təhsili səviyyəsində də yoxdur. Ona görə də, Mahir Emreli Polşaya gedəndən sonra etiraf etdi ki, uşaq futbolunda öyrənməli olduqlarını indi burada öyrənir. Biz belə yetişdirdiyimiz oyunçulardan nəticə tələb edə bilmərik. Avropaya çıxanda onların nə qədər zəif olduğu aşkar sezilir”.
N.Muxtarlı vurğulayıb ki, AFFA rəhbərliyi iş görmək istəmir: “Baş məşqçi məsələsi ilə bağlı gündəm yaratmaq diletant rəhbərlərin oyunudur. Onlar ictimai rəyi bu istiqamətə yönəldirlər, yəni iş görmək istəmirlər. Əslində onların iş görmək qabiliyyəti də yoxdur. Bu səbəbdən də “oyun” oynamaq məcburiyyətindədirlər”.