Formula 1

Məşhur pilot Formula 1-i məhkəməyə verdi: 82 milyon tələb edir

“Ferrari”nin sabiq sürücüsü Felipe Massa Formula 1 və FIA-ya qarşı məhkəmə iddiası qaldıraraq 2008-ci ildə Sinqapur Qran Prisinə görə 82 milyon dollar təzminat tələb edir.

Aut.az xəbər verir ki, 2008-ci il mövsümündə Massa Fernando Alonso ilə çempionluq uğrunda mübarizə aparırdı və Sinqapurdakı yarış zamanı Alonsonun komanda yoldaşı Nelson Piquet maşını qəsdən divara çırpıb ki, lider Massanın qarşısını alsın. Qəzaya görə Felipe pit-stop edib və bu son dərəcə uğursuz olub.

Braziliyalı pit-stopdan əvvəl lider olsa da, sonda 13-cü olub.

Massa əmindir ki, Formula 1 və FİA Alonsonun ədalətsiz şəkildə qalib gəldiyi yarışın nəticələrini ləğv etməli idi. Həmin mövsümün yekununda Luis Hemilton çempion oldu, Massa isə cəmi bir xal geri qaldı. Keçmiş sürücü hesab edir ki, Sinqapurda “Renault” komandasının hiyləsi olmasaydı, onun qalib gəlmək üçün kifayət qədər xalı olardı.

Felipe hesab edir ki, F1 onu nəinki çempionluqdan və pul mükafatından, həm də çempion olsaydı, alacağı çoxlu sayda reklam müqavilələrindən məhrum edib.

Onun nümayəndələri London məhkəməsində iddianı təsdiqləyiblər.

Aut.az