Deputatlar FİFA və UEFA-ya müraciət etdi: İsrail dərhal qovulsun
Avropa Parlamentinin 13 deputatdan ibarət qrupu FİFA və UEFA-dan Qəzza zolağında baş verən münaqişə ilə əlaqədar İsrailin futbol üzrə milli komandasına və İsrail klublarına sanksiya tətbiq etməyi xahiş edib.
Aut.az xəbər veririk, “Inside World Football” deputatların məktubunu yayıb.
“Biz Avropa Parlamentinin üzvləri və Avropa xalqlarının siyasi nümayəndələri olaraq FİFA, UEFA və bütün digər səlahiyyətli qurumları Fələstində davam edən insan haqları pozuntularına qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Mülki əhalinin öldürülməsi, humanitar yardımın blokadaya alınması və ya oyunçulara, hakimlərə, hökumət rəsmilərinə və idman obyektlərinə təsir edən infrastrukturun məhv edilməsi gözardı edə bilməyəcəyimiz bir cinayətdir.
Həm FIFA, həm də UEFA futbol vasitəsilə bərabərlik, hörmət və insan haqları dəyərlərini təbliğ etdiklərini deyir. Bütün bunlar, şübhəsiz ki, Qəzza zolağında pozulur. Futbol Fələstin xalqının işğalını və məhvini qanuniləşdirməyə kömək edə bilməz. Bütün bu səbəblərə görə biz İsrail milli komandasının və İsrailin qalan komandalarının bütün Avropa və beynəlxalq komanda yarışlarından dərhal qovulmasını tələb edirik”,- məktubda deyilir.
Bildirilir ki, məktubu Avropa Parlamentinin İspaniya, İrlandiya, Belçika və Almaniyadan olan, əsasən solçu partiyaların 13 deputatı imzalayıb.
Aut.az
