Olimpiya çempionu karyerasını başa vurdu
Məşhur italiyalı velosipedçi, “Lotto” komandasının üzvü Eliya Viviani karyerasını başa vurub.
Aut.az xəbər verir ki, 36 yaşlı idmançı bu barədə şəxsi X səhifəsində məlumat verib:
“2010–2025. Bu 16 il fantastik idi, necə keçdiyini anlamadım, amma hər anından zövq aldım və istədiyim hər şeyə nail oldum. Bu gün peşəkar karyeramı başa vurduğumu elan edirəm. Bu illər ərzində yanımda olan hər kəsə təşəkkür edirəm”.
Viviani öz nəslinin ən yaxşı sprintçilərindən biri hesab olunur. O, “Böyük turlar”ın mərhələlərində ümumilikdə 9 qələbə qazanıb: “Ciro d’İtaliya”da – 5, “Tur de Frans”da – 1, “Vueltə”də isə – 3 dəfə.
Onun karyerasının zirvəsi “Quick Step” komandasında çıxış etdiyi 2018–2019-cu illərə təsadüf edib. 2018-ci ildə “Ciro d’İtaliya”nın sprint yarışını və İtaliya çempionatını qazanıb, 2019-cu ildə isə qrup yarışında Avropa çempionu olub.
Viviani həmçinin trek velosipedində də böyük nailiyyətlər əldə edib. Rio Olimpiadasının çempionu, ikiqat dünya və səkkizqat Avropa çempionudur.
Aut.az
