Hacı Əliyev Fərid Qayıbovu yıxıb-sürüdü, saxtakarlığından yazdı – FOTO
4 qat Avropa çempionu, 3 qat Dünya çempionu Hacı Əliyev Xankəndidəki səfərdə prezident ilə görüş proqramına və Gənclər və İdman Nazirliyi tərəfindən ilin 10 idmançısı siyahısına salınmadığı üçün etirazını bildirib.
Aut.az xəbər verir ki, tanınmış idmançı məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
O Gənclər və İdman Nazirliyi haqda bu sözləri yazıb:
“Bu il Azərbaycan Güləş tarixində ilk dəfə olaraq 4 qat Avropa çempionu olaraq adımı güləş tariximizə yazdım və Bakıda keçirilən Hərbçilərin Dünya çempionu oldum. Buna baxmayaraq, Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim. Heç ilin 10 idmançısı siyahısına belə düşmədim. Sağ olsun Gənclər və İdman nazirliyi. Cənab Prezidentimiz İlham Əliyev bu il idmançıları tarixi qələbə qazandığımız gözəl Qarabağımıza dəvət edib, orada görüşdü, idmanı və idmançıları nə qədər sevdiyini bir daha sübut etdi. Amma çox heyf ki, bu görüşə mənim adımı Gənclər və İdman Nazirliyi salmadı, məni Cənab Prezident ilə görüşə buraxmadılar”.
İdmançı Prezidentə də müraciət edib:
“Mən inanıram ki, Cənab Prezident məni də orada görməyə çox sevinərdi. Amma Gənclər və İdman Nazirliyi buna şərait yaratmadı. Bu qədər nəticə qazanmışam, bu qədər qələbələr gətirmişəm ölkəmizə. Amma məni bu tarixi görüşdən məhrum etdilər. Bu haqsızlığa görə inanıram ki, bir tədbir görüləcək, biz Cənab Prezidentimizə güvənirik!”

Aut.az
