Formula 1

Ferstappenin sürücülük bacarığına şübhə etdilər

Maşınların icarəyə verilməsiylə məşğul olan “Sixt” şirkəti “Red Bull” sürücüsü Maks Ferstappendən üzr istəyib.

Aut.az xəbər verir ki, buna səbəb şirkət əməkdaşlarının niderlandlı dünya çempionunun “Mercedes AMG GT” icarəyə götürmək istəyini rədd etməsidir.

Bu cür güclü avtomobillər yalnız 30 yaşdan yuxarı, müvafiq güc və sürətin öhdəsindən gəlmək üçün kifayət qədər təcrübəsi olan sürücülərə verilə bilər. Bu, şirkətin daxili qaydaları ilə təmzinlənir. Ferstappenin 26 yaşı olduğundan “Sixt” əməkdaşları ona rədd cavabı veriblər.

Bu hadisədən xəbər tutan şirkət rəhbərliyi geri addım atıb. “Cənab Ferstappendən üzr istəyirik. İstənilən vaxt bizdən lazım olan maşını icarəyə götürə bilər. Təbii ki, onun sürücülük bacarığına və güclü avtomobillərlə davranmaq təcrübəsinə heç bir şübhəmiz yoxdur”, – deyə yayımlanan bəyantda bildirilir.

Bundan əlavə, “Sixt” bu qaydanın yalnız son dünya çempionu üçün istisna olacağını qeyd edib.