“Liverpul”un keçmiş müdafiəçisi Sami Huypa maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, 2003-cü ildə Stiven Cerrardın “qırmızılar”ın kapitanı təyin edilməsi qərarının necə alındığı barədə danışıb:
“Jerar Hullyer və Fil Tompsonun kapitanlığın məndən Stiviyə keçdiyini dedikləri günü hələ də xatırlayıram. Bu barədə mənə məşqlərdən birindən sonra danışdılar. Biz o zaman çətin dövr yaşayırdıq. Ona görə də Stivini tapmağa çalışdım, amma o, artıq bazanı tərk etmişdi. Səhəri gün maşınını gördüm, amma onu heç yerdə tapa bilmədim. Məndən gizlənirdi. Bəlkə də əsəbi olduğumu düşünürdü.
Nəhayət onunla görüşəndə gördüm ki, ayaqqabısının bağı bağlayır. Mən ona dedim ki, “Təbrik edirəm, həqiqətən buna layiqsən. Əgər sənə kömək lazımdırsa, mən həmişə burada olacağam”. İndi o, rahat nəfəs ala bilərdi”.
Cerrard 1998-2015-ci illərdə “Liverpul”un əsas komandasında çıxış edib. Bu müddət ərzində ingilis futbolçu bütün turnirlərdə 710 matçda iştirak edib, 186 qol vurub, 157 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Jerar Hullyer -1998-2004-cü illərdə “Liverpul”un baş məşqçisi olub. Fil Tompson isə 1971-1985-ci illərdə “Liverpul”da çıxış edib.