Azərbaycan futbolu

Tahir Gözəldən Xankəndi təəssüratı: “Çox qürurluyam”

“Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK-lə matçından (1:0) sonra açıqlama verib.

O, ilk öncə Xankəndi səfəri ilə bağlı təəssüratlarını bölüşüb:

“Arxada qalan 21 ildə oynadığımız hər oyunda arzu edirdik ki, “Qarabağ” Qarabağa qayıtsın, doğma meydanımızda oynayaq.

21 illik səbrin nəticəsində burdayıq. Bura gələcəyimizə inanırdıq.

Bunun reallaşması insana möhtəşəm hisslər gətirir. Çox qürurluyam.

Cənab Prezidentə, şəhidlərimizə, xalqımıza, əsgərlərimizə böyük minnətdarlıq bildirirəm. Bu gün hüzur içində, gözəl havada gözəl bir oyun keçirdik”.

Tahir bəy gözəl oyuna görə rəqib komandaya təşəkkür edib:

“MOİK-i təbrik edirəm. Möhtəşəm oynadılar. “Qarabağ”a qarşı çox əzmkarlıq göstərdilər.

Yalnız sonuncu dəqiqədə gözəl kombinasiya sonrası qol vura bildik. Qalib qazanmağımıza sevincliyik”.