Dünya futbolu

Oğurlanan futbolçu azad edildi

Braziliya millisinin və İspaniyanın “Valensiya” klubunun keçmiş futbolçusu, konsert zamanı qaçırılan Marselinyo Karioka mülki polis tərəfindən azad edilərək sərbəst buraxılıb.

Aut.az xəbər verir ki, veteran oyunçu dekabrın 17-də yoxa çıxıb. Mətbuat onun konserti bir qadınla tərk etdiyini xəbər verib. Sonra onun avtomobili hadisə yerindən 25 km aralıda tapılıb. Daha sonra cinayətkarlar onun ailəsi ilə əlaqə saxlayıblar. Onlar futbolçunun sərbəst buraxılması üçün 18 min dollar tələb ediblər.

Bu işlə əlaqədar bir nəfər şübhəli həbs edilib. Karioka sosial şəbəkələrdə yayımlanan videomüraciətində konsertdə münasibət qurduğu qadının ərinin adam oğurluğunda əli olduğunu bildirib.

Kariokanın indi 52 yaşı var. O, 2009-cu ildə yerli “Santo Andre” klubunda çıxış edərək təqaüdə çıxıb. Avropada “Valensiya” və Fransanın “Ayaçço” komandasındakı çıxışları ilə tanınır. Futbolçu 1998-2001-ci illərdə Braziliya millisində dörd oyun keçirib.