Əfsanəvi finalın fasiləsində Ançelotti nə deyibsə, o da olub
“Milan”ın keçmiş müdafiəçisi Yaap Stam Çempionlar Liqasının -2004/2005 mövsümünün finalı haqda danışıb.
Qeyd edək ki, İstanbul finalı dramatik alınmışdı. Fasiləyə 3 top fərqi ilə öndə yollanan “Milan” ikinci hissədə üç qol buraxmış, daha sonra penaltilər seriyasında məğlub olmuşdu.
“Fasilə zamanı artıq qələbəni qeyd etdiyimiz barədə şayiələr məni əsəbləşdirir. O zaman ətrafda hamı bu haqda çox danışırdı, amma əslində belə olmadı.
Ançelotti paltardəyişmə otağında dedi: “Əgər 45 dəqiqə ərzində üç qol vurmuşuqsa, rəqibimiz də bunu edə bilər. Ona görə də biz öz futbolumuzu nümayiş etdirməyə davam etməliyik, ən əsası rəqibə bir dəfə də olsun qol imkanı verməməliyik. Çünki “Liverpul” qol vurarsa, tez bir zamanda özünəinamı bərpa olunacaq.
Nəticədə Ançelottinin dediyi hər şey baş verdi: müdafiədə mütəşəkkil hərəkətlər aradan qalxdı, bir növ anlaşılmaz çaşqınlıq başladı. “Liverpul” isə qısa müddət ərzində üç dəfə qol vura bildi”, – Stam “The Overlap” YouTube kanalına müsahibəsində bildirib.
Aut.az
