İspaniya

Onun zədəsi başqa yol qoymadı: Transfer olacaq

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın avstriyalı müdafiəçisi David alabanın zədələnməsindən sonra yeni futbolçuların transferi barədə danışıb.

Aut.az xəbər verir ki, David Alaba İspaniya çempionatının 17-ci turunun “Vilyarreal”la oyununda (4:1) zədələnib.

Jurnalist Florian Plattenberq “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ançelottidən sitat gətirib: “Yaxın günlərdə yanvarda kiminləsə müqavilə bağlaya biləcəyimizi aydınlaşdıracağıq”.

Xatırladaq ki, Madrid klubunun mətbuat xidməti tibbi müayinədən sonra avstriyalı futbolçunun sol dizində çarpaz bağın yırtılması diaqnozu qoyulduğunu bildirmişdi. Futbolçu yaxın vaxtlarda əməliyyat olunacaq.

Alaba bu mövsüm çarpaz bağ yırtığından əziyyət çəkən üçüncü “Real” oyunçusu oldu. Əvvəllər qapıçı Tibo Kurtua və müdafiəçi Eder Militao belə zədə alıblar.

Onu da qeyd edək ki, daha əvvəllər “Real” rəhbərliyi qışda futbolçu transfer etməyəcəklərini bildirmişdilər.

Aut.az