Əfsanəvi MSN belə yaranıb: Ey, piyli oğlan…
36 yaşlı uruqvaylı futbolçu Luis Suares “Barselona”nın ən yaxşı vaxtlarında əfsanəvi MSN üçlüyünün (Lionel Messi, Neymar, Luis Suares) necə yarandığından danışıb.
Aut.az xəbər verir ki, Suaresin sözlərinə görə, hər şey Çempionlar Liqasının 2014/15 mövsümünün qrup mərhələsində “Ayaks” – “Barselona” matçında (0:2) başlayıb.
“Ayaksla oyunların birində Luis Enrike Messinin yalançı doqquz nömrə kimi oynamasını istədi, çünki o, bu mövqeyə öyrəşmişdi. Neymar və mən cinahlarda idik.
Amma işə yaramadı. Sonra Messi matç zamanı mənə qışqırdı:
“Hey, piyli oğlan! İndi sən irəli mövqeyə keçəcəksən, mən isə sağ cinahdan sənə ötürmə verəcəyəm. Bu, MSN-in doğulması idi”, – Suares deyib.
Luis 2014-2020-ci illərdə “Barselona”da çıxış edib, 304 matçda iştirak edib və 209 qol vurub.
2023-cü il təqvim ilində Suares klub səviyyəsində 53 oyun keçirib, 26 qol vurub və 17 məhsuldar ötürmə edib. Bundan əvvəl uruqvaylı Braziliya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilib.
Bu yaxınlarda 36 yaşlı futbolçunun Braziliya “Qremio”su ilə müqaviləsi başa çatıb. Şayiələrə görə, yaxın vaxtlarda o, Messinin çıxış etdiyi “İnter Mayami” ilə müqavilə imzalayacaq.
Aut.az
