Azərbaycan futbolu

Şahin Diniyev: “Bu qələbə məni cəsarətləndirir”

Azərbaycan Premyer Liqasının XVII turunun “Səbail” – “Qəbələ” oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Əsəbi oyun idi. Çünki 4 oyundur, qələbə qazanmırdıq. Bütün komandalar kimi bizdə də eniş dövrü oldu, tənəzzüldə idik. Bundan çıxmaq üçün rotasiyalar etməlisən, amma bizim bu variantımız da yox idi. Durğunluğumuz 4-5 oyun oldu. Həm rotasiya alınmırdı, həm də vaxtımız yox idi. Gərgin matç keçdi. Futbolçularda məğlub olmaq qorxusu var idi. Bunu düzəltmək lazım idi. Komandamız rahat oynadı, ağıllı futbolla layiqli qələbə qazandıq. Yolumuz uzundur. Həm enişimiz olacaq, həm yoxuşumuz. Düzgün istiqamət tutmuşuq, bunu davam etdirməliyik. Rotasiyaların olmaması bizə baha başa gəldi. Bundan dərs çıxarmalıyıq. Bugünkü qələbə layiqli oldu. “Qəbələ” sonuncu olmağa layiq deyil. Yaxşı futbolçuları və məşqçiləri var. Düşünürəm ki, onlar da bu durumdan çıxacaqlar.

– Hüseynəli Quliyevi qarşıdakı oyunlarda meydanda görə biləcəyik?
– Bu gün ciddi itkilərimiz var idi. 6 oyunçumuz yoxdur. Belə şey kiçik komandalar üçün gərginlik yaradır. Bu məqamlarda rotasiyalar etməli, nəyisə dəyişməlisən. Hüseynəli məqamına hazır olmalıdır. Səlahət Ağayev indi Azərbaycanda ən yaxşı üç qapıçıdan biridir. Futboldur, enişlər ola bilər.

– Qış fasiləsində hansı mövqelərə transfer düşünürsüz?
– Hamımız problemi deyir, amma həllindən danışmırıq. Problemlər çoxdur, həllini isə bilmirəm. Deslandesin də zədələnməsi gərginlik yaradır. Nəsə problem varsa, deməli, vaxtında mən nələrisə düzgün etməmişəm. Turnir cədvəlində normal sırada qərarlaşmışıq. Ona görə risk etmək lazım olacaq. Qışda çalışacağıq, çox yox, 3 futbolçu transfer edək. Çoxluq da yaratmaq istəmirik. Bu qələbə məni cəsarətləndirir. Güclənmək istəyiriksə, yeni oyunçulara ehtiyacımız var.

– Ayaz Mikayılova şans verdiniz. Onu qarşıdakı oyunlarda görəcəyik?
– Həmişə içimdən gələni deyirəm, bu dəfə deməyəcəm. Ayaz yaxşı oyunçudur, onun valideynləri avtoqəzada dünyasını dəyişib. Onu əvəzedicilərdən izləyirdim. Onun yaxşı olması üçün çox çalışacam. Əsas heyətin üzvüdür demək də düz olmaz. Gənc oyunçularımız var. Ayaz Mikayılovu izləyirdim, perspektivli oyunçudur. Biz əvvəl komanda idik, artıq klub oluruq. Gəncləri daim diqqətdə saxlayırıq. Yerli futbolçu tapmaqda çətinlik çəkirik. Ayaza ümidim böyükdür, texnikası, driblinqi olan biridir. Üzünə baxsaz, bəlkə də bir az vursaz, həyəcandan yıxılardız.

– “Zirə”nin “Turan Tovuz”la, “Qarabağ”ın isə “Neftçi” ilə oyununda kimin qələbə qazanmağını istəyəcəksiz?
– “Zirə” və “Qarabağ”a azarkeşlik edəcəm. Lakin kimisə lənətləməyəcəm. Real danışaq, nəyisə gizlətməyə nə ehtiyac var.

– Ayaz Mikayılovun bir epizodunda penalti ola bilərdi. Nə hisslər keçirdiz həmin an?
– Futboldur, biz insanıq. Allahın qismətidir. Ayaza bir kəlmə də söz deməzdim. Ağıllı danışaq, Allah sənin hər zaman planlarını pozur ki, planlar səni pozmasın.

– Növbəti oyun “Sumqayıt”la olacaq. Gözləntiləriniz nədir?
– İndiki itkilərlə “Sumqayıt”a qarşı oynamaq çətin olacaq. Ağıllı oynamalıyıq. Ustalıq və keyfiyyət yox, istək, motivasiya, əzmkarlıq vacib olacaq. Çalışacağıq ki, yaxşı yerdə bitirək.

– Millinin baş məşqçi postuna yerli, yoxsa əcnəbi gəlməlidir?
– Mən sözümü dəyişən deyiləm. Biz ora çox diqqət edirik, amma problemin kökü bu deyil. Biz hər il bu haqda danışıq. Baş məşqçini dəyişməklə nəyəsə nail olmayacağıq. Bir sistemimiz, planımız olmalıdır. Bunlarsız baş məşqçi kim gəlsə, ya 7, ya 1 xal toplayacaq. 31 ildir, eyni şeyi təkrarlayırıq. Püşk düşür, dərhal sayıma başlayırıq. Eyni səhvləri edirik. Problem orda deyil, başqa yerdədir. 32 ildir, eyni şeydir. Görərsiniz, yayda yenə siz məndən eyni şeyi soruşacaqsız