Avropa Liqası

Erlinq Moe: “Qarabağ”ı hələ təbrik etmirəm”

UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Molde” – “Qarabağ” oyunundan sonra (2:2) ev sahibi komandanın baş məşqçisi Erlinq Moe jurnalistlərin suallarını cavablandırıb.

Aut.az xəbər verir ki, o, əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb…

“Bakıdakı oyunda “Qarabağ” bizdən daha yaxşı performans göstərmişdi və qələbəyə layiq idi. Burada isə 90 dəqiqəni biz üstün keçirdik. Komandamla fəxr edirəm. Çünki güclü rəqibə qarşı bu cür oyun göstərdilər. “Qarabağ”, həqiqətən də, çox güclü komandadır. “Qarabağ” göstərdi ki, onu məğlub etmək çətindir. Ancaq biz bu performansımızı “Bayer”lə son görüşdə davam etdirmək istəyirik. “Qarabağ”ı hələ təbrik etmirəm. Çünki bizim hələ də Avropa Liqasının pley-offuna yüksəlmək şansımız var. Növbəti mərhələdə rəqibin kimliyi və “Qarabağ”ın necə çıxış etməsi də önəmli olacaq. Uzun illərdir Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisidir. Oyundan sonra onu təbrik etdim. Çünki avrokuboklarda rəqiblərinə çətinliklər yaradır”.