Dünya futbolu

Klubda çalışmaqdan imtina etdi: Hədəf milli komandadır

Ukraynanın “Dinamo” və “Şaxtyor”un keçmiş baş məşqçisi Mirça Luçesku Kiyev komandasından ayrıldıqdan sonra vətəninə qayıdıb.

Aut.az xəbər verir ki, o, yeni iş yeri ilə bağlı məsləhətləşmələr aparır.

Hazırda Buxarest “Dinamo”su onun xidmətində maraqlıdır. Luçesku hazırda autsayderlər qrupunda yer alan komandada işləmək istəmir.

Bildirilir ki, Luçesku Avro-2024-ün final mərhələsinə vəsiqə qazanan Rumıniya millisini çalışdırmaq arzusundadır. Hazırda təcrübəli mütəxəssis Rumıniya Futbol Federasiyasının rəhbərliyi ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparır.

Xatırladaq ki, Mirça Luçesku məşqçilik karyerasının əvvəlində – 1981-1986-cı illərdə Rumıniya millisinin baş məşqçisi vəzifəsində çalışıb. Mütəxəssis komandanı Avro-1984-ə çıxara bilsə də, 1986-cı il dünya çempionatının final mərhələsinə yüksəlmək cəhdlərində uğursuzluğa düçar olub.