Azərbaycan futboluManşet

Rövnəq Abdullayev Rəşad Sadıqovla görüşdü: AFFA prezidenti kim olacaq?

Canni de Byazinin gedişindən sonra AFFA-da yığmanın baş məşqçi postuna axtarışlar başlayıb. Artıq menecerlər AFFA-ya bir neçə namizəd təklif ediblər.

Amma AFFA prezidenti Rövnəq Abdullayev bu dəfə tələsik addım atmaq niyyətində deyil. Üstəlik, o, namizədi özü axtarır.  Bu da onunla əlaqələndirilir ki, Rövnəq Abdullayev postundan göndərilmək ərəfəsində olduğunu bilir. Ancaq o, ciddi-cəhdlə AFFA prezidenti postunda qalmağı düşünür. Çünki bu vəzifə müvəqqəti də olsa, onu həbsdən qoruyur.

Ona görə də, Rövnəq Abdullayev milliyə elə bir məşqçi gətirmək niyyətindədir ki, onun vasitəsilə özünün xilas etsin, cəmiyyəti sakitləşdirsin.

AFFA-dakı mənbənin Aut.az-a verdiyi məlumata görə, Abdullayev bunun üçün ən uyğun seçim Rəşad Sadıqovu görüb. Məlumata görə, Abdullayev noyabrın 25-də Rəşad Sadıqovla görüşüb, ona təklifini çatdırıb.

Amma Sadıqov bu təklifdən imtina edib. Sadıqov Abdullayevə bildirib ki, AFFA-a hələ də köhnə kadrların nəzarətindədir və qurumda heç bir islahat aparılmayıb. O, Qurban Qurbanova və özünə qarşı olan haqsızlığı da xatırladıb və Rövnəq Abdullayevin “millini qəbul et” təklifini rədd edib.

Aut.az-ın əldə etdiyi məlumata görə, hazırda AFFA prezidenti postu uğrunda bir neçə şəxs mübarizə aparır.

Rövnəq Abdullayev Rəşad Sadıqovla görüşdü: AFFA prezidenti kim olacaq?

Onlardan biri SOCAR prezidenti Rövşən Nəcəfdir. Amma onun “Neftçi”dəki fəaliyyəti namizədliyinə kölgə salıb.

Rövşən Nəcəf “Neftçi”də özünü sübut etdikdən sonra AFFA prezidenti olmalı idi. Amma komandanın bərbad durumda olması, qeyri-peşəkar idarəçilik onun futbol təsərrüfatında inkişafa nail olacağını şübhə altına salır.

Ona görə də, hakimiyyətin yuxarı dairələrində başqa namizədlər haqda da müzakirələr aparılır.

O namizədlərdən biri də “Zirə”nin Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovdur. Orxan Məmmədovun ən böyük üstünlüyü minifutbol yığmasının qazandığı uğurlardır. Üstəlik, Rəşad Sadıqov da Orxan Məmmədov üçün lobbiçilik edir. Onun Rövnəq Abdullayevə “yox” cavab verməsinin bir səbəbi də budur. Sadıqov da Abdullayevin qatarının getdiyinə əmindir.

Rövnəq Abdullayev Rəşad Sadıqovla görüşdü: AFFA prezidenti kim olacaq?

Digər bir namizəd isə “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevdir. “Huner Group”un təsisçisi pulunu futbol təsərrüfatına boşuna xərcləmir. Onun da məqsədi AFFA prezidenti olmaqdır. Ehtiram Quliyevin də hakimiyyətin yuxarı dairələrində dəstəkçiləri var. O, futbol təsərrüfatında Qurban Qurbanovun dəstəyinə ümid bəsləyir. Təsadüfü deyil ki, Ehtiram Quliyev hər dəfə “Qarabağ”ın səfər oyunlarına yollanır. Amma Qurban Qurbanovdan hələ ki, istədiyi dəstəyi ala bilmir. Çünki Qurbanov ümumiyyətlə bu kimi məsələlərə qarışmaq niyyətində olmadığını bildirib.

Rövnəq Abdullayev Rəşad Sadıqovla görüşdü: AFFA prezidenti kim olacaq?

Beləliklə, AFFA prezidentliyi uğrunda mübarizə kəskinləşir. Hazırda dörd namizəd var. Amma əsas mübarizənin Rövşən Nəcəflə Orxan Məmmədov arasında gedəcəyi güman edilir.

Aut.az