Dünya futbolu

Azarkeşlər təhdid etdi, məşqçi qorxusundan millinin oyununa çıxmadı

Liberiya millisinin baş məşqçisi Ansu Keyta Malaviyə məğlubiyyətdən (0:1) sonra ona qarşı olan təhdidlərə görə DÇ-2026-nın seçmə mərhələsində Ekvatorial Qvineya ilə oyunu buraxmaq məcburiyyətində qalıb.

Aut.az xəbər verir ki, həmin matçdan sonra azarkeşlər media mərkəzindəki şüşə qalxanı sındıraraq, Keyta və futbolçularının iki saatdan çox gizləndiyi paltardəyişmə otağını mühasirəyə alıblar, mətbuat konfransının keçirilməsinə icazə verməyiblər. Liberiya Futbol Assosiasiyasının (LFA) bir neçə rəsmisi, o cümlədən prezident Mustapha Raci də təhlükəni nəzərə alaraq kompleksin içərisində qalmağa məcbur olub.

Daha sonra LFA-nın vitse-prezidenti Adolf Dolod Keytaya zəng edərək ona öz təhlükəsizliyi üçün Ekvatorial Qvineya ilə oyunu buraxmağı tövsiyə edib. Məşqçi əvvəlcə oyuna gəlmək fikrində olsa da, sonra fikrini dəyişib.

“Öz təhlükəsizliyim və ölkənin maraqları naminə oyunda iştirak etmək istəmədim.”Mən hələ də milli komandanın baş məşqçisiyəm, çünki iki illik müqaviləm var”, – BBC Keytadan sitat gətirib.

Amma məşqçinin yoxluğu da kömək etməyib və Liberiya yenidən uduzub – 0:1. İndi federasiya rəhbərliyi baş məşqçinin qovulub-qovulmayacağına qərar verəcək. Qeyd edək ki, Liberiya hazırda doqquz matçlıq qələbəsiz seriyaya malikdir və son 20 görüşdə cəmi iki qələbə qazanıb.

Aut.az