Avropa LiqasıAzərbaycan futboluManşet

Bəhlul Mustafazadə: İşi onlara buraxmaq olmaz, məsələni özümüz həll etmək istəyirik

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Bayer”lə ev oyununda məğlub olub – 0:1.

Görüşdən sonra Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə Aut.az-ın əməkdaşının suallarını cavablandırıb:

– Son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Təəssüratlar necədir?

– Buna görə çox məyusuq. Düşünürəm ki, çox yaxşı oyun keçirdik. Oyunun gedişində qələbə qazanacağımızı da fikirləşirdim. Təəssüflər olsun ki, belə alındı. Amma belə bir rəqibə qarşı kifayət qədər yaxşı oyun oynadıq. Düşünürəm ki, azarkeşlər oyundan razı qaldı

– İstəyinizi reallaşdırmaq üçün nə çatmadı?

– Əlimizə düşən imkanları qola çevirsəydik, fərqli nəticə ola bilərdi. Rəqib güclü idi, amma biz də yaxşı oynadıq. Həm topla, həm topsuz olaraq. O qədər də çox şans yaratdığımızı düşünmürəm. Amma yenə də nəsə edə bilərdik. Təəssüf ki, belə oldu.

– Almaniyada böyük hesabla məğlub olmuşdunuz. Oradakı nəticənin Bakıdakı matça təsiri nə qədər oldu?

– Səfərdəki oyunun bizə çox faydası oldu. Orda o nəticə olmasaydı, bəlkə burda belə oynaya bilməyəcəkdik. Leverkuzendəki səhvlərimizdən nəticə çıxarıb, onları aradan qaldırdıq. Ona görə də belə nəticə oldu.

– Hər iki oyundakı məğlubiyyəti kənara qoysaq, Bundesliqanın lideriylə matç “Qarabağ”ın daha da böyüməsi üçün nə qədər faydalı oldu?

– Əlbəttə, oldu. Bu tip rəqibə qarşı qorxmadan, açıq futbol oynamaq fikrimcə, təqdirəlayiqdir. Rəqibdən çəkinmədik, bərabər səviyyədə mübarizə apardıq.

– Qrupda mübarizə davam edir. Son iki oyun “Qarabağ” üçün neçə keçəcək?

– Yaxşı başlanğıcdan sonra istəməzdik belə vəziyyət alınsın. Qrupdakı işimizi daha tez həll etmək istəyirdik. Son iki oyuna köklənəcəyik və maksimum nəticə göstərməyə çalışacağıq.

– “Molde” və “Hakken” – hansı komandanı təhlükəli görürsünüz?

– Hər ikisi təhlükəlidir. Amma “Molde”ylə qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Hər iki oyunda diqqətli olmalıyıq.

– “Bayer” növbəti mərhələyə vəsiqəni qrup lideri kimi təmin etdi və növbəti oyunda “Molde”ylə qarşılaşacaq. Almaniya təmsilçisinin idman prinsiplərinə əməl edəcəyini gözləməyə dəyər?

– Bu haqda fikir bildirmək çətindir. Amma düşünmürəm ki, oyuna ciddi yanaşmasınlar. “Bayer” mərhələ adlasa da, növbəti oyunlarda qələbə qazanıb qrup mərhələsini maksimum nəticəylə başa vurmağa çalışacaqlar. İşi onlara buraxmaq olmaz, məsələni özümüz həll etmək istəyirik. Ona görə də fikrimiz öz oyunlarımızda olacaq. Növbəti 2 oyunda maksimum nəticə qazanmağa çalışacağıq.

Aut.az