Qumarbaz futbolçu oynamağa davam edəcək? – Baş məşqçisi açıqladı
“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İngiltərə Premyer Liqasının 10-cu turunda keçiriləcək “Vulverhempton”la səfər matçında meydana çıxa bilər.
Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Eddi Hau məlumat verib:
“Hal-hazırda İtaliyadan cəzayla bağlı heç bir rəsmi məktub almamışıq. Onun meydanda olmaşansı var. Tonali oynamağa hazırdır. Bizimlə səfərə gedəcək”.
Tonalinin futbol oyunlarına mərc etdiyi üçün İtaliya Futbol Federasiyası tərəfindən 10 aylıq futboldan uzaqlaşdırılma cəzası aldığı bildirilir. Amma qurum bu barədə rəsmi qərar dərc etməyib.
Qeyd edək ki, “Vulverhempton” – “Nyukasl” matçı oktyabrın 27-də keçiriləcək. Görüş saat 19.30-da başlayacaq.
