Futboçu güllə yaralarından dünyasını dəyişdi
Amerika futbolu üzrə tələbə liqasının 21 yaşlı üzvü Ronni Koldvell, aldığı güllə yaralarından sonra dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə onun oynadığı Luiziana Şimal-Qərb Dövlət Universitetinin mətbuat xidməti məlumat verib.
İdmançı oktyabrın 12-nə keçən gecə dünyasını dəyişib. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır, lakin Koldvellin universitet binalarından birinin yaxınlığında vurulmuş halda tapıldığı məlumdur. Faciə yerinə gələn həkimlər idmançını xilas etməyə macal tapmayıb.
“Ronni Koldvelli həm futbol meydanında, həm də ondan kənarda parlaq gələcək gözləyirdi. O, paltardəyişmə otağında bizim səsimiz idi. Ronni danışanda başqaları qulaq asırdı. Futbol komandamızın Ronniyə olan hörməti göz qabağında idi. O bu il zədə səbəbindən heç bir oyuna çıxmadı, lakin onun səsi bizim komandanın 1-ci oyunçusundan 115-cisinə qədər hər bir üzvündə əks-səda doğururdu”, – deyə baş məşqçi Bred Laird bildirib.
