Ermənistan futbolunda qalmaqal: “Pünik” çempionatdan çəkilir
Ermənistan çempionatında birinci yerdə olan “Pünik” turnirdən çıxa bilər.
Aut.az xəbər verir ki, bu barədə “Novostnik” məlumat yayıb. Bildirilir ki, buna səbəb Ermənistan Futbol Federasiyasının qərarıdır. Belə ki, Federasiya 2023-cü il sentyabrın 8-dən etibarən Abovyan şəhərindəki stadiondan istifadəyə dair “Pünik”lə müqaviləni birtərəfli qaydada ləğv edir. Həmçinin ehtiyat variant kimi ev oyunlarını keçirmək üçün Armavirdəki stadionu da kluba verməkdən imtina edir.
“Ermənistanın ən titullu klubu meydansız qalıb və çox güman ki, cari çempionatın vahid lideri çempionatdan çəkilmək məcburiyyətində qalacaq”, – mənbə bildirir.
Futbol klubunun mətbuat xidməti Ermənistan millisinin mühüm oyunları ərəfəsində bu vəziyyəti şərh etmək istəmədiklərini, lakin sentyabrın 12-dən sonra mütləq açıqlama verəcəklərini bildirib.
Aut.az
