Azərbaycan futboluManşet

Emil Mustafayevi Azərbaycan millisinə niyə çağırmırlar? – ŞOK FAKTLAR

Ukrayna Premyer Liqasında çıxış edən “Polesye”nin  azərbaycanlı futbolçusu Emil Mustafayev milli komandaya çağırılmır. Amma bunun reallaşmasını həm yarımmüdafiəçinin özü, həm də futbol ictimaiyyəti uzun müddətdir gözləyir.

Müharibə vəziyyətində olmasına baxmayaraq, yüksək səviyyəli Ukrayna çempionatında çıxış edən Mustafayev üçün yığmaların qapıları üzünə açılmır. Az qala hər yoldan keçəni milliyə çağıran baş məşqçi Canni de Byazi israrla Emilə dəvət göndərmir.

22 yaşlı futbolçu ötən il seçimini Azərbaycandan yana etsə də, ukraynalılar onu milli komandaya dəvət etməkdə israrlıdırlar. Ona dəfələrlə həm U-21, həm də əsas milli komandada çıxış etmək təklif edilib. Ancaq futbolçumuz buna razılıq verməyib. O, arzusunun vətəninin komandasında oynamaq olduğunu bildirib.

AFFA-dan futbolçu ilə yalnız milli komandaların meneceri vəzifəsində çalışan İlqar Qurbanov əlaqə saxlayır. Federasiya rəsmisi futbolçunu daim izləyir və onunla söhbətləşir. Qurbanov hətta Mustafayevlə bağlı daimi raportlar hazırlayaraq milli komandanın məşqçilər korpusuna təqdim edir. Ancaq de Byazi onu milliyə çağırmamaqda israr edir.

Aut.az bunun səbəbləri barədə etibarlı mənbələrdən məlumat əldə edib. Emilin milliyə çağırılmama səbəbi sizə heç də yad deyil. Futbolçu Riad Rəfiyevə görə yığmaya çağırılmır. Klub prezidenti olmasına baxmayaraq menecer fəaliyyətindən əl çəkməyən Rəfiyev Mustafayevə menecerini dəyişməyi və onun şirkətiylə əməkdaşlıq etməyi təklif edib. 22 yaşlı futbolçu bununla razılaşmayıb. Bu səbəbdən Riad Rəfiyev meneceri olduğu Canni de Byaziyə Emilin milliyə çağırılmaması barədə göstəriş verib. İtalyan mütəxəssis isə həmişə olduğu kimi onun tapşırıqlarını yerinə yetirir.

Çox maraqlıdır ki, AFFA-nın işbaz menecerləri bu günlərdə Rusiyada futbolçu ovuna çıxıblar. Onlar dağıstanlı, çeçen və başqa millətlərin nümayəndələri olan futbolçulara böyük pullar qarşılığında milli komandada oynamağı təklif edirlər. Ukrayna çempionatında çıxış edən Emil Mustafayev kimi əsl azərbaycanlı yığma komandada oynamağa könüllü olaraq can atır. Ancaq Rövnəq Abdullayevin AFFA-sının “istedadlı dələduzlar”ı  başqa ölkələrin futbolçularını böyük pullar qarşılığında milliləşdirməyin yollarını axtarırlar. Adətləri üzrə ölkə futbolunu deyil, bank hesablarındakı məbləğin artmasını fikirləşirlər.

Aut.az