Dünya futbolu

Ronaldo azyaşlı fanatının göz yaşlarını cavabsız qoymadı – VİDEO

Asiya Çempionlar Liqasının ilk turunun oyunu keçirmək üçün İrana yollanan “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldoya böyük maraq var.

Aut.az xəbər verir ki, ilk dəfə bu ölkəyə gələn superulduzu görmək üçün on minlərlə azarkeş çöllərə axışıb. Onlar müxtəlif yollarla portuqaliyalı forvardı görməyə çalışıblar.

Onlardan biri azyaşlı uşaq olub. “Əl-Nəsr”in məskunlaşdığı otelin qarşısında Ronaldonu gözləyən həmin fanat ulduz futbolçunun onu görməməsindən sonra gözyaşı töküb. Bundan xəbər tutan Kriş azyaşlı azarkeşlə xüsusi görüş təşkil edib.

O, fanatını elə qaldığı otelə dəvət edib. Görüş qısa çəksə də, ulduz futbolçu uşağa xüsusi diqqət göstərib. Onunla foto çəkdirdikdən sonra forma və avtoqraf verib.

Ronaldonun bu addımı sosial şəbəkələrdə böyük marağa səbəb olub. “Əl-Nəsr” sosial şəbəkə hesablarında videonu bu sözlərlə paylaşıb:

“Futbol sadəcə bir oyun deyil. O, bundan daha böyükdür .Ronaldonun ulduzu bunu təcəssüm etdirir. Gözəl oyun daha da gözəlləşdi. Ən böyük oğlanın arzusunu həyata keçirməklə…”

Qeyd edək ki, “Əl-Nəsr” bu gün saat 22:00-da başlayacaq qarşılaşmada “Persopolis”in qonağı olacaq.