İttiham: Avropa insan haqları üzrə dünya çempionu deyil
Avropa Futbol Assosiasiyaları İttifaqının ( UEFA ) prezidenti Aleksander Çeferin Ukraynada baş verən hadisələrdən sonra “Qazprom”la sponsorluq müqaviləsinə xitam verilməsi barədə qərarın niyə verildiyini açıqlayıb.
Aut.az xəbər verir ki, Ceferin Avropanın ikiüzlü siyasət yürütdüyünü iddia edib.
“Bu, simvolik bir hərəkət olmalı idi. Yüz milyonlarla insanın matçlara baxdığı stadionlarda müharibə başlayandan sonra bu şirkətin reklamını göstərmək olmazdı. Təəssüf edirəm ki, bu belə oldu. Amma məsələ odur ki, bu barədə ən çox qışqıranlar hələ də məhz bu şirkətdən qaz alanlardır.
Bu barədə əvvəlcədən düşünməli idik? Mənə elə gəlir ki, bu, xalis populizmdir. Avropa da insan haqları üzrə dünya çempionu deyil və biz bunu yaxşı bilirik. Populistlər bunu sırf özünü reklam xatirinə edirlər.
Biz qazandığımız bütün pulların 97 faizini futbola qaytarırıq və mən bu idman növünün bütün Avropada daha da inkişaf etməsi üçün hər şeyi edəcəyəm. Avropadakı digər sponsorları və ya digər şirkətləri sadalamayacağam, lakin bir çox başqa şirkətlər bu və ya digər şəkildə tənqid olunub. Və sonra sual yaranır, başqa kiminlə iş görə bilərsiniz?
İnsanlar futbola mümkün qədər çox sərmayə qoymağımızı istəyir, eyni zamanda, demək olar ki, heç kimdən pul almamağımızı da tələb edirlər. İngiltərə klublarından birinin prezidentinin mənə dediyi kimi, azarkeşlər ən bahalı oyunçuları və ən ucuz biletləri istəyirlər”, – Çeferin N1-ə müsahibəsində deyib.
Aut.az
