Almaniya

Hələ də iddia edir ki, yığmaya uyğun məşqçidir

Almaniya millisinin baş məşqçisi Flik yoldaşlıq görüşündə Yaponiyaya 1:4 hesablı məğlubiyyəti şərh edib.

Bu məğlubiyyət almanlar üçün ardıcıl üçüncü olub. Bundan əvvəl Flikin yetirmələri Kolumbiya (0:2) və Polşaya da (0:1) məğlub olub. Almaniya millisinin qələbəsiz seriyasına indi ardıcıl 5 oyun daxildir ki, bunların da hamısı yoldaşlıq görüşü olub.

“ Squawka Football”-un məlumatına görə, Flik Almaniya millisində rəhbərlik etdiyi 25 matçdan 6-da uduzub, baxmayaraq ki, “Bayern”də 86 matçdan yalnız 7-də məğlub olmuşdu.

“Biz komandanı həmişə mükəmməl hazırlamaq üçün əlimizdən gələni edirik. Düşünürəm ki, məşqçilər korpusu bunu yaxşı bacarır və mən yığma üçün uyğun məşqçiyəm.

Əvvəla, biz çox məyus olduq. Etiraf etməliyik ki, Yaponiya yaxşı komandadır. Hazırda bizim belə yığcam müdafiəni üstələmək üçün resurslarımız yoxdur. Onların sayı sadəcə olaraq kifayət deyil.

Oyuna yaxşı başladıq, lakin Yaponiyanın ilk şansı qol oldu. Sonra hesabı 1:1 etdik, amma dərhal da qol buraxdıq. Düşünmürəm ki, futbolçuları qınamalıyam. Dəfələrlə cəhd etdilər, amma sonra fərdi səhvlərə yol verdilər. Rəqib bundan yararlandı və qələbəyə layiq idi”, – deyə Flik RTL-də bildirib.

Aut.az