“Rəqibi təbrik edirəm. Biz də pis oynamadıq, matçdan sonra futbolçularımı təbrik etdim. Komandamız artıq komplektləşir. Həftə keçdikcə daha yaxşı olacağıq. 3-4 turdan sonra fiziki baxımından tam formaya düşəcəyik”.
Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.
“Bu gün pis oynamadıq. İlk hissə hər iki qapıda epizodlar çox oldu. İkinci hissə daha yaxşı oynadıq. Ümid edirəm ki, daha yaxşı olacaq. Transferlərin gec gəlməsinin təsiri var. Sağ olsunlar, futbolçular tapşırığımı yerinə yetirirlər. Azarkeşlərə də təşəkkür edirəm ki, sona qədər dəstək verdilər”, – Abasov deyib.
“Oyundan qopmadıq. Məşqlərdə hazırlaşdığımız tapşırıqları da etməyə çalışdılar. Heç-heçə olsaydı, daha yaxşı motivasiya ilə gedərdik. Bəlkə də, ədalətli nəticə bu olardı”, – mütəxəssis əlavə edib.
S.Abasov komandasının bu mövsüm hər oyunda qol buraxmasını da şərh edib: “Ötən il problemlər yaşayırdıq. 7 oyuna bir qol vurmuşduq. İndi bunu düzəltmişik. Müdafiədə çox diqqətli oynayırıq. Qapımıza yaxınlaşmağa imkan vermədik. Futbolda belə şeylər olur. Müdafiədən narazı deyiləm. Tez-tez dəyişiklər edirik. Düşünürəm ki, bütün komanda olaraq yaxşıyıq”.
O, vinger transferi gözlədiklərini vurğulayıb: “Danışıqlar gedir. İki-üç gün əvvəl zəng gəlib ki, bu oyunçu sizə yenə maraqlıdır? Biz deyirik ki, bəli. Sonra yenidən “itirlər”. Amma üç nəfərlə danışırıq. Vingerin keçidini həll etdikdən sonra heyəti tam komplektləşmiş saymaq olar”.