“Qarabağ”ın düşdüyü qrupu komandaların oyun sisteminə uyğun şərh etmək lazımdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında “Aut.az” saytının baş redaktoru Natiq Muxtarlı deyib.
O, UEFA Avropa Liqasının 2023/2024-cü illər mövsümü üzrə püşkatma mərasimində “Qarabağ”a rəqib olan klubların potensiallarından söz açıb.
Xatırladaq ki, Ağdam klubu H qrupunda “Bayer 04 Leverkusen”, “Molde” və “BC Häcken” klubları ilə qarşılaşacaq.
N. Muxtarlı bildirib: “İndi Avropada hər kəs futbol oynamağı bacarır, xüsusən də komanda Avropa Liqasının qrupundadırsa. Deməli, bu komandaların potensialı, gücü var, o cümlədən “Qarabağ”ın da. Amma mən Almaniya komandasının “Qarabağ”a rəqib olmasını heç istəmirdim. “Bayer Leverkusen” inkişafda olan dinamik komandadır. Leverkuzenlilərdən xal almaq çətin olacaq.
Digər iki komanda isə Skandinaviya təmsilçiləridir. Skandinaviyalıların isə atletik futbola üstünlük verdiyi bəllidir. Belə komandalar yaradıcı futbola üstünlük verən “Qarabağ”a problem yaradırlar”.
Ekspert hesab edir ki, bütün hallarda “Qarabağ”ın qrupdan çıxmaq şansı böyükdür:
“Qrupun favoriti “Bayer”dir. İkinci yer uğrunda isə mübarizənin “Molde” və “Qarabağ” arasında gedəcəyini güman edirəm. “Molde” ilə qarşılaşmalarda 3 və ya 4 xal götürə bilsək, qrupdan çıxmağımız real olacaq. Ən pis halda “Qarabağ”ın qrupda 3-cü yeri tutub Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanacağını düşünürəm.
“Qarabağ” sübut edib ki, hər bir komandaya qarşı oynaya bilər. Ona görə də, heç bir rəqibdən çəkinməyə ehtiyac yoxdur, meydana çıxıb öz oyununu diktə etmək kifayətdir. Onda nəticə də olacaq”.