“Olimpiya”nın baş məşqçisi hələ də ümid edir ki…
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Sloveniya təmsilçisi “Olimpiya”nın baş məşqçisi Joao Enrike Bakıda keçiricəkləri cavab oyunu barədə danışıb.
Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “TV SLO 2″yə açıqlamasında qol buraxmamağa və fərqlənməyə çalışacaqlarını bildirib: “Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə bitməyib. Sonadək açıq oynayıb, irəli getməyə çalışacağıq”.
51 yaşlı çalışdırıcı “köhlən atlar”ın daim avrokubokların qrupunda çıxış edən təcrübəli kollektiv olduğunu vurğulayıb. O, ilk matçda bu rəqibə qarşı rəqabət apara biləcəklərini göstərdiklərini söyləyib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
