50-ci mərasimin qalibi onlar oldu – FOTO
İngiltərənin Peşəkar Futbolçular Assosiasiyası (PFA) ötən futbol ilinin qaliblərinin adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haaland ilin oyunçusu seçilib. İlin gənc futbolçusu mükafatı isə “Arsenal”ın cinah oyunçusu Bukayo Sakaya verilib.
Haaland ötən mövsüm “Mançester Siti”nin heyətində ümumilikdə 52 qol vurub. Premyer Liqada isə 36 dəfə fərqlənib. Erlinq komandası ilə təkcə yerli çempionat titulunu deyil, həm də İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb.
23 yaşlı norveçli bu mükafat uğrunda mübarizədə komanda yoldaşları Kevin De Bruyne və Con Stouns, həmçinin “Arsenal”ın futbolçuları Bukayo Saka, Martin Edeqor və “Tottenhem”in sabiq üzvü Harri Keyndən üstün olub.
Saka isə əvvəllər ilin gənc oyunçusu mükafatına üç dəfə namizəd olub. 15 qol və 11 məhsuldar ötürmə edən 21 yaşlı vinger komanda yoldaşı Qabriel Martinellə yanaşı, “Aston Villa”dan Ceykob Remsi, “Brayton”dan Evan Ferqyuson və bu yay “qağayılar”dan “Çelsi”yə transfer olunan Moyses Kaysedonu və eləcə də Haalandı qabaqlayaraq səsvermənin qalibi olub.
Qeyd edək ki, bu, PFA-nın 50-ci yubiley mükafatlandırma mərasimi olub.

