“Sabah”ın heyətinə qatdığı Ayaz Quliyev paytaxt təmsilçisində bir müddət legioner statusunda çıxış etməli olacaq.
Aut.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan əsilli futbolçu Rusiya vətəndaşı olduğundan bu vəziyyətlə üzləşib. 26 yaşlı yarımmüdafiəçi yerli statusuna sahib olmaq üçün Azərbaycan respublikasının vətəndaşı olmalıdır. İndiki halda bu, onun üçün heç də asan olmayacaq.
Çünki AFFA onun milli komandaya cəlb olunmasında əvvəlki kimi israrlı deyil. Futbolçunun əvvəlki formasından xeyli uzaq olması, federasiyasının texniki şöbəsini narahat edib. Bu səbəbdən bir müddət gözləmək qərara alınıb. Ayaz “Sabah”da özünü yaxşı tərəfdən göstərəcəyi halda onun yığmaya dəvəti müzakirə oluna bilər.
Ancaq bu məsələdə Quliyevin özü də maraqlı tərəf olmalıdır. Çünki əvvəlki danışıqlar zamanı AFFA rəhbərliyini incidən, müxtəlif tələblər irəli sürən yarımmüdafiəçi milli komandada oynamaq istəyini şəxsən bildirməli olacaq. O, “Neftçi”nin futbolçusu Azər Əliyev kimi addım atmalıdır. Yəni çempionatda legioner hesab edilmək istəmirsə, həm AFFA-ya, həm də Gənclər və İdman nazirliyinə ərizə formasında müraciət etməlidir.
Bu o deməkdir ki, AFFA-nın hazırkı baş katibi Sərxan Hacıyev futbolçuları maddi təkliflər müqabilində milli komandaya cəlb etmək niyyətində deyil. Sələfi Elxan Məmmədovdan fərqli olaraq o, oyunçuların nazıyla oynayıb, ev, pul, avtomobil və başqa arzularını reallaşdırmağı düşünmür. Çünki çox sayda futbolçu müəyyən tələblər qarşılığında millinin formasını bir neçə oyunda geydikdən sonra yoxa çıxıb.
Bu o deməkdir ki, “Sabah”ın planı baş tutmayıb. Yerli statusunda olmayacaq Ayaz Quliyev rəqabətin yüksək olduğu “Sabah” kimi komandada təkcə Murad Musayevin gözünə girmək üçün çalışmayacaq. O, AFFA-nın da diqqətini cəlb etməlidir.
Aut.az