Digər

Türkiyə idmançısı: Azərbaycan bizi heç vaxt əliboş yola salmayıb

“Azərbaycan bizim üçün uğurlu yerdir. Qardaş ölkəyə nə zaman gəlsək, medalla qayıdırıq. Heç vaxt əliboş dönməmişik”.

Aut.az xəbər verir ki, bu sözləri 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Türkiyə komandasının üzvü Yusuf Dikeç deyib. Təcrübəli idmançı finalda məğlub olmalarının səbəbini açıqlayıb. Eyni zamanda güclü azarkeş dəstəyinin onlara güc verdiyini bildirib:

“Finala birinci olmaq üçün çıxmışdıq. Ötən gün mənim üçün heç də yaxşı keçməmişdi. Məyus olmuşdum. Bu gün yaxşı oldu, amma birinci ola bilmədik. Qismət. Olmayanda olmur. Azarkeş dəstəyini hiss etdik. Türkiyə milli komandasının heyətində 20 nəfərik. Yarış zamanı tribunadan gələn alqış səslərini eşidəndə, özümüzü arxamızda sanki ordu varmış kimi hiss edirik. Bizim ürəyimiz Azərbaycanla, Azərbaycanın ürəyi də bizimlə döyünür. Bunu yarış zamanı hiss edirik”.

O, 23 yaşlı komanda yoldaşı Sevval İlayda Tarhanın atış zamanı dəqiqlik nümayiş etdirə bilməməsi haqda danışıb:

“İlayda hələ gəncdir. Zaman keçdikcə təcrübə toplayacaq. Yavaş-yavaş inkişaf edir. Zamanla o da uğurlar qazanacaq və onunla yaxşı komanda yoldaşı olacağıq”.

Təcrübəli atıcı Azərbaycanın dünya çemıpionatını yüksək səviyyədə keçirdiyini və belə təşkilatçılığı dünyada az sayda ölkənin bacardığını vurğulayıb:

“Turnir çox gözəl təşkil olunub. Nə poliqon, nə məşq meydançaları, nə də otel sarıdan heç bir problem yoxdur. Hər şey yüksək səviyyədədir. Bunu dünyada bacara biləcək bir neçə ölkə var. Azərbaycan bunun üstünlüyünü yaşayır. Çünki bütün idman növləri üzrə önəmli turnirlər bura həvalə edilir. İnşallah, növbəti illərdə yenə davam edəcək. Belə turnirlərin Azərbaycanda keçirilməsi ölkənin dünyada tanınması ilə yanaşı, gəncləri üçün də önəmlidir. Onlar üçün motivasiyadır. Azərbaycanı çox sevirik. Turnirdə əməyi keçən hər kəsə təşəkkür edirik”.