Azərbaycan Premyer Liqasının II turunun “Neftçi” – “Səbail” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Gərgin oyun idi. Hər iki komanda qalib gələ bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Komandamız yeni qurulur. Adaptasiya üçün vaxt lazımdır. Ötən oyundakı səhvləri bu gün etmədik. Əks-hücumlarda rəqibi yaxalamaq istəyirdik və buna nail olduq. Hesab oyuna görə oldu. Çox təəssüf ki, komandam asan qollar buraxır və ikinci oyundur qapımıza penalti təyin olunur. Kənardan baxanda bu oyunda da penalti yox idi. “Neftçi” qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, sona qədər dözdülər. Hər oyun daha yaxşı olacağıq.
– “Səbail”in qapısına təyin olunan penaltidən sonra hakim VAR-a getmədi…
– İkinci oyundur, belədir. Bizim taleyimiz budur, bunu qəbul etmişik. Çətin də olsa, vuruşacağıq.
– Bununla bağlı şikayətiniz olacaq?
– Nə dəyişəcək? Ötən oyunda nə dəyişdi ki? Onsuz xal gedib. Bu gün Sayef açıq ayaqla girmişdi. Bu epizod “Neftçi”də olsaydı, qərar fərqli olardı.
– Oyun zamanı bir epizodda Qara Qarayevlə sizin texniki zona arasında mübahisə oldu…
– Emosiya var idi. Hansısa epizodda qərar fərqli olmuşdu, bizim texniki zonadan yerə su atdılar və o da sürüşüb Qara tərəfə getdi. Ona tərəf atılmamışdı.